Sual: Alen Prostun karyerasını bitirməsindən təxminən 24 il keçir. Sizdən sonra təqvimə çox sayda yeni tras daxil olub. Bəs Prost bu yeni trasların hansında Senna ilə mübarizə aparmaq istəyərdi?
Cavab: Senna ilə rəqabət xüsusi idi. O çox güclü və istedadlı sürücü idi. Biz onunla əksər hallarda eyni komandada işləmişik və rəqib olmamışıq. O, şəxsiyyətinə görə digər sürüclərdən fərqlənirdi və onlara bənzəmirdi. Onunla olan rəqabətimiz Formula1-in qızıl dövrünə təsadüf edir. Ona görə də onunla hər bir trasda mübarizə paramağa hazır idim.
Sual: 1980-ci ildən 1993-cü ilədək yarışdınız və bu müddətdə Renault, McLaren, Ferrari və Williams kimi Formula1-in ən böyük komandalarının şərəfini qorudunuz. Bu müddətdə Jil Vilnöv, Rene Arnu, Mario Andretti, Alan Cons, Keke Rosberq, Nelson Pike, Ayrton Senna, Niki Lauda, Mixael Şumaxer, Naycel Mənsell, Deymon Hill kimi güclü rəqibləriniz oldu. Karyeranız ərzində ən böyük rəqibiniz olmuş Sennanı istisna saysaq, bunlardan hansı sizə daha çətin rəqib olub?
Cavab: Sennadan başqa digər sürücülərin əksəriyyəti ilə də eyni komandada işləmişəm. Niki Lauda, Keke Rosberq, Naycel Mənsell, Deymon Hill ilə komanda yoldaşı olmuşam. Mən heç vaxt çalışmamışam ki, komandada birinci sürücü olum. Çalışmışam ki, komanda yoldaşım ilə birlikdə komanda üçün daha yaxşı nəticə alaq. Mən həmişə komanda yoldaşlarımdan nəsə öyrənməyə çalışırdım.
Sual: 1984-cü ildə çempionluğu yarım xalla əldən verdiniz. Həmin mövsüm yağışlı Monako Qran Prisində əlinizi qaldıraraq, yarışı yarımçıq saxlatdırdınız və çempionluq demək olar o yarışda əldən verildi. Peşmansınızmı həmin yarışı yarımçıq saxladığınız üçün?
Cavab: Monakoda həmin yarışda qalib gəldim. Həmin yarışda Sennaya nisbətən daha çox xal qazandım. Formula1-də belə hallar çox olub, lakin geriyə baxanda peşman olmadığımı deyə bilərəm, əksinə, xoş təəssüratlarla yada salıram.
Sual: İstəyirəm ki, bu suala Renault komandasının təmsilçisi kimi yox, Formula1 üzrə dördqat Dünya Çempionu kimi cavab verəsiniz. Hazırda mübarizə aparan gənc sürücülərdən hansını fərqləndirə bilərsiniz?
Cavab: Hazırda potensiallı gənclər çoxdur. Bunların arasında bəzilərinin adlarını sadalamaq olar. Biri Maks Ferstappen. Son iki ildə göstərdiyi performansla çempionluq potensialının olduğunu isbatladı. Daha sonra Esteban Okon və Stoffel Vandorn gəlir. Vandornun bolidi hazırda ideal vəziyyətdə deyil və tez-tez xarab olur. Daha sonra Şarl Lekleri qeyd etmək olar. Onun da çox yaxşı potensialı var. Bundan başqa digər gənc sürücülər də var və onların da qalib gəlmək şansları çoxdur.
Sual: Alen Prost indi yarışsaydı, Dünya Çempionu ola bilərdimi?
Cavab: Mən artıq fəaliyyətimi 24 ildir dayandırmışam. Həm motivasiya, həm də fiziki cəhətdən hazır olmaq lazımdır. Kənardan baxanda asan görsənsə də, qalib gəlmək çox çətindir. Sürücü kimi fəaliyyətimi dayandırsam da, yenə də idmanın içində qalmağa çalışıram. 40 ildir idmanın içindəyəm. Artıq əsas istəyim maşın sürmək yox, təcrübəmi bölüşməkdir.
Sual: Bakı Şəhər Halqasının bütün döngələrinə artıq bələdsiniz. Bəs bu tras sizin yarışdığınız dövrlərdə təqvimə daxil olsaydı, qələbə şansınız nə qədər olardı?
Cavab: Əgər güclü sürücüsünüzsə və yaxşı komandanız varsa, qalib gəlmək şansınız çoxdur. Bu şans mənim əlimə Monakoda keçib. Bakı Şəhər Halqası çox mürəkkəb trasdır. Düzlükdə tam sürətlə getdikdən sonra döngədə əylənmək çox çətin olur.
Sual: Bu yaxınlarda sizin barənizdə bir film çəkiləcək. Səhv etmirəmsə, çəkilişlər avqust ayında başlayacaq. Bu filmdə sizin töhfəniz varmı? Sizdən məsləhət alınırmı?
Cavab: Filmin çəkilişi bir qədər gecikəcək, çünki filmdə mənim sürdüyüm bolidləri hazırlamaq lazımdır. McLaren, Ferrari, Renault komandalarının bolidləri film zamanı sürülməlidir. Təbii ki, filmə öz töhfəmi verirəm və iştirak edirəm. Düşünürəm ki, film bir ildən və ya il yarımdan sonra hazır olacaq.
Sual: Hazırda bəzi mütəxəssislər deyirlər ki, Formula1 bolidlərinin mühərrikləri zəifdir və onları gücləndirmək, DRS sistemini isə ləğv etmək lazımdır. Bu hal qəza risklərini artırmayacaqmı?
Cavab: Mühərrik Formula1-də vacib məsələlərdən biridir, amma hələ qaydalar dəyişməyib. Lakin hazırda mühərrik istehsalçıları arasında çoxsaylı iclaslar keçirilir və düşünürəm ki, 2021-ci ildə yeni mühərriklərdən istifadə edilməyə başlanacaq. Əsas məsələ mühərriyi sadələşdirməklə gücünü artırmaqdır.