F-1.az xatırladır ki, Dünya Ralli Çempionatının (WRC) 10-cu mərhələsi Akropolisin tozlu dumanlı yollarında davam edir – şənbə günü sürücülər 6 dopda mübarizə aparıblar.
Sebastyen Löb yarışa möhtəşəm start verdikdən sonra ikinci günün açılış dopunda liderliyini möhkəmləndirib, lakin sonra onun Ford Puma-sı gücünü itirməyə başlayıb. Yolda dayanan fransalı sürücü şturmanı ilə birlikdə problemi həll etməyə çalışıb.
Amma növbəti dopun startına gecikən ekipajın mübarizəni dayandırdığı elan olunub.
Ford M-Sport komandası isə tezliklə daha bir sürücüsünü də itirib. Cümə günü yarışa sensasiyalı çıxışı ilə rəng qatan Pyer Luis Lubenin də sol ön təkəri deşilib. Nəticədə vaxt itirən və maşının detalalrını zədələyən sürücü geriyə düşüb.
Nəhayət, cümə günü axşam saatlarında ilk üçlüyü tamamlayan Toyota-nın pilotu Esapekka Lappi gündüz bölməsində texniki nasazlığın qurbanı olub – bundan sonra liderlik tamamilə Hyundai pilotlarına keçib.
Tyerri Növill ardıcıl 3 dopda qalib gələrək komanda yoldaşı Ott Tənak üzərində 27,9 saniyə üstünlük qurub. Veteran sürücü Dani Sordo ilk üçlüyü tamamlayıb.
Mövsümün lideri Kalle Rovanpera bədnam 9-cü dopda trasdan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Finlandiyalı sürücü ciddi vaxt itkisi ilə yoluna davam edib, amma artıq liderə 16 dəqiqə uduzur.
Bazar günü yarışın iştirakçılarını son 3 dop gözləyir.