F-1.az xəbər verir ki, sürücülər əvvəlcə iki qrupda mübarizəyə başlayıblar. Hazırda turnir cədvəlindəki mövqelərə görə (tək yerlər bir qrupa, cüt yerlər digər qrupa) təşkil olunmuş qruplarda mübarizə gərgin alınıb.
Berlində bu gün yağış yağıb. Bu il debüt etmiş GEN3 maşınları, eləcə də yeni Hankook təkərləri ilk dəfə nəm trasda sınaqdan keçiblər. Belə hava şəraitində sürücülərin təcrübəsi ön plana keçib.
A qrupunda çempionatın yeganə ikiqat çempionu Jan Erik Vern protokollara başçılıq edib. Ondan başqa mövsümün lideri Paskal Verlyayn, Niko Müller və Ceyk Dennis ilk dördlüyü tamamlayıblar. Dünya çempionları Antoniu Feliks da Koşta və Lukas di Qrassi mübarizədən kənar qalıblar.
B qrupunda protokollara dünənki poulun sahibi Sebastyen Buemi başçılıq edib – Robin Fryayns, dünənki yarışın qalibi Mitç Evans və Nik Kəssidi ilk dördlüyü tamamlayıblar.
Pley-off mərhələsində dünənki kimi, qrup daxilindəki ilk dördlük qarşılaşıb. Əvvəlcə A qrupunda Müller mövsümün liderini, Vern isə mövsümün ilk yarışında qələbə qazanan Dennisi üstələyiblər.
Daha sonra B qrupunun dördlüyü arasında pley-off mərhələsində Fryayns son iki yarışın qalibi Evansı, Buemi isə komanda yoldaşı Kassidini məğlub ediblər.
İlk yarımfinalda isveçrəli Müller ikiqat çempionu üstələyərək adını finala yazdırıb. Digər qarşılaşmada isə onun komanda yoldaşı Robin onun həmyerlisi Sebastyeni üstələyib.
Beləliklə, finalda ABT Cupra komandasının sürücüləri üz-üzə gəliblər. Bu dəfə yağışlı trasda Robin Fryayns karyerasında ikinci pouluna sevinib. Maraqlıdır ki, niderlandlı sürücü mövsümün ilk yarışında zədələnmişdi, 4 yarışı buraxmalı olmuşdu. Qayıtdığı yarışı və Berlində dünənki ilk yarışı 14-cü yerdə başa vurmuşdu. Axşam isə Robin pouldan start alacaq.
Maraqlıdır ki, bu il arxada qalan 7 yarışda pouldan start alan sürücü hələ qələbə qazana bilməyib – Robin ənənəni pozacaqmı?