F-1.az xəbər verir ki, Honda-nın ispaniyalı sürücüsü Mark Markes cümə günündən başlayan həftəsonunun bütün sessiyalarına başçılıq edib və sıralanma turunda gərgin mübarizədən sonra mövsümdə əsas rəqiblərini qabaqlayıb.
Mark elə ilk cəhdində poul kökləndiyini göstərib və Lorensonu yarım saniyə, Rossini isə bir saniyədən çox üstələyib.
İkinci cəhdində Lorenso sürətini artıraraq sektorlar üzrə Markesi qabaqlasa da, yekunda həmyerlisinə cəmi 0.069 saniyə uduzub. Rossi də ikinci cəhdində sürətini artırıb, amma yenə də liderə yarım saniyə uduzub.
Markesin özü isə son cəhdində şəxsi qrafikini sektorlar üzrə üstələsə də, son sektorda səhvə yol verib. Amma ilk cəhdindəki nəticə karyerasında 32-ci poulunu qazanmağa kifayət edib.
Ducati-nin sürücüsü Andrea Yannone 4-cü nəticə göstərsə də, əvvəlki yarışda komanda yoldaşı ilə toqquşmaya görə startda 3 yer itirməli olacaq. Onun yerindən Suzuki-nin sürücüsü Maverik Vinyales start alacaq. Maveriklə yanaşı ikinci cərgədə LCR Honda-nın sürücüsü Kel Kratçlou və Ducati-nin digər sürücüsü Andrea Davitsiozo yer alacaqlar.
Yarış bu gecə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq…