ABŞ-2018: Yarış

Lyuis Həmilton mövsümdə ardıcıl 4 qələbə qazandıqdan sonra 4 il ardıcıl qələbə qazandığı ABŞ Qran Prisinə Sebastyan Fettel üzərində 67 xallıq üstünlüklə gəlib - britaniyalı sürücünün rəqibindən 8 xal çox qazanması artıq Ostində titul qazanması üçün yetərli idi. İstənilən başqa nəticə çempionatın taleyini növbəti yarışadək təxirə salırdı...

F-1.az bildirir ki, cümə günü məşqləri yağış altında baş tutub – hər iki məşqin protokollarına Həmilton başçılıq edib, Fettel isə qırmızı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün yarışın startında 3 yer itirmək cəzası alıb.

Dünən səhər hava yaxşılaşıb, sürücülər sliklərin effektivliyini ancaq birsaatlıq məşqlərdə dəyərləndirə biliblər – protokollarda ilk sətrləri Ferrari sürücüləri tutublar, amma bütün sürücülər üçün uzun məsafədə təkərlərin işləməsi naməlum qalıb.

Pirelli Ostinə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirib. Sıralanma turunda mübarizə sıx alınıb. Ferstappen ilk sessiyada asılqanını sındırdığı üçün mübarizədən kənar qalıb və 15-ci yerdən start almalı olub, amma sonra onun maşınında ötürmələr qutusu da dəyişdirildiyi üçün daha 5 yer itirməli olub.

İkinci sessiyada Həmilton, Bottas, Fettel və Rikkardo daha bərk olan SuperSoft tərkibini seçiblər ki, yarışda da bu təkərlərlə start alsınlar. Son sessiyada Həmilton mövsümdə 9-cu poulunu qazanıb – britaniyalı sürücü Fetteli cəmi 0.061 saniyə üstələyib.

Həmilton və Rəykkönen ilk cərgədən start alıblar – Rəykkönen ilk beşlikdə asfaltla daha yaxşı ilişməni təmin edən UltraSoft-la start alan yeganə sürücü olub. Bottas və Rikkardo ikinci cərgədə yer alıblar. Cərimələnmiş Fettel və Okon isə yarışa 3-cü cərgədən yollanıblar. Hər iki Toro Rosso sürücüsü güc qurğusunun elementlərini dəyişdirdiyi üçün Ferstappen 18-ci yerdən start almalı olub.

Startda gözlənildiyi kimi Rəykkönen Həmiltonu qabaqlayıb və liderliyi ələ alıb. Fettel Rikkardoya hücum edib – kiçik təmas nəticəsində almaniyalı sürücü yerində fırlanıb və sonuncu yerlərə düşüb. Stroll Alonsoya, Qrojan isə Leklerə çırpılıb. Bir neçə dövrədən sonra Stroll pit-leyndən keçmək cəzası alıb. Sayns trasdan kənara çıxmaqla üstünlük qazanıb və mövqeyini geri qaytarmadığı üçün 5 saniyəlik cəza alıb.

İlk dövrədəki insidentlərdən sonra 4 sürücü boksa üz tutub, Alonso isə mübarizəni dayandırıb. 2-ci dövrənin sonunda ilk onluq: Rəykkönen – Həmilton – Bottas – Rikkardo – Hülkenberq – Sayns – Okon – Peres – Ferstappen – Maqnussen.

Fettel də sürətlə irəliləyib və 4-cü dövrədə ilk onluğa düşüb, Ferstappen isə bu zaman artıq 7-ciliyə yüksəlib. 7-ci dövrədə Ferstappen Hülkenberqi, Fettel isə Okonu arxada qoyub.

9-cu dövrədə Daniel Rikkardonun maşını güc itirdiyi üçün trasda dayanıb. Onun təxliyəsi üçün virtual təhlükəsizlik maşını rejimi elan olunub. 10-cu dövrədə ilk onluq: Rəykkönen – Həmilton – Bottas – Ferstappen – Hülkenberq – Fettel – Sayns – Okon – Peres – Maqnussen.

11-ci dövrədə Sirotkin, Vandorn, Qasli, Lekler və Stroll boksa yollanıb. 12-ci dövrədə mühəndisi ilə məsləhətləşən Həmilton da yeni təkər dalınca yollanıb – britaniyalı sürücü komanda yoldaşının arxasında trasa qayıdıb.

Bir dövrə sonra yarışa restart verilib və Bottas komanda yoldaşını irəli buraxıb. Lyuis süərtini artırıb və Rəykkönenlə fərqi azaldıb. 21-ci dövrədə rəqibinə çatan Lyuis bir neçə hücum edib, bütün hücumları uğurla dəf edən Kimi 23-cü dövrədə mexaniklərinin qəbuluna üz tutub. Onun ardınca Ferstappen və Okon, daha sonra Bottas və Hülkenberq də yeni təkərlərə keçiblər.

Rəykkönen trasa komanda yoldaşının arxasında qayıdıb və Fettel yeni təkərlərlə olan finlandiyalı sürücünü irəli buraxıb.

25-ci dövrədə Sayns, daha sonra Peres, 27-ci dövrədə isə Fettel pit-stop reallaşdırıblar. 32-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rəykkönen – Ferstappen – Bottas – Fettel – Hülkenberq – Sayns – Okon – Maqnussen – Peres.

32-ci dövrədə Lekler boksda maşınını saxlayaraq mübarizəni dayandırıb. 38-ci dövrədə Həmilton 2-ci dəfə pit-stop edib – bu dəfə britaniyalı sürücü 4-cü yerdə, Bottasla Fettelin arasında trasa qayıdıb. Bottas növbəti dəfə komanda yoldaşını irəli buraxıb. 45-ci dövrənin sonunda ilk onluq: Rəykkönen – Ferstappen – Həmilton – Bottas – Fettel – Hülkenberq – Sayns – Okon – Maqnussen – Peres.

Finişə 6 dövrə qalmış ilk üçlüyü cəmi 2.5 saniyə ayırıb, amma sürət fərqi real ötmə üçün yetərli olmayıb. Bir qədər arxada isə Fettel 4-cü yer uğrunda mübarizədə Bottasa hücumlara başlayıb.

54-cü dövrədə Həmilton təkərləri yeyilmiş Ferstappenə hücum edib, təkər-təkərə mübarizədə Maks öndə qala bilib. 55-ci dövrədə Fettelin Bottasa hücumu uğurlu olub.

Kimi Rəykkönen Ostində finiş xəttini birinci keçərək mövsümdə birinci, karyerasında isə 21-ci qələbəsini qazanıb. Maks Ferstappen 18-ci yerdən start aldığı yarışı 2-ci yerdə başa vurub. Lyuis Həmilton iki pit-stop etdiyi yarışı podiumda, əsas rəqibi Fettelin önündə başa vuraraq üstünlüyünü 70 xala çatdırıb.

Çempionatın müqəddaratı isə gələn həftə baş tutacaq Meksika Qran Prisində həll oluna bilər…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 7 Kimi Rəykkönen Ferrari 1:34:18.643 1
2 33 Maks Ferstappen Red Bull + 0:01.281 1
3 44 Lyuis Həmilton Mercedes + 0:02.342 2
4 5 Sebastyan Fettel Ferrari + 0:18.222 1
5 77 Valtteri Bottas Mercedes + 0:24.744 1
6 27 Niko Hülkenberq Renault + 1:27.210 1
7 55 Karlos Sayns Renault + 1:34.994 1
31 Esteban Okon Racing Point + 1:39.288 1
20 Kevin Maqnussen Haas + 1:40.657 1
8 11 Serxio Peres Racing Point + 1:41.080 1
9 28 Brendon Hartli Toro Rosso + 1 dövrə 1
10 9 Markus Eriksson Sauber + 1 dövrə 1
11 2 Stoffel Vandorn McLaren + 1 dövrə 2
12 10 Pyer Qasli Toro Rosso + 1 dövrə 2
13 35 Sergey Sirotkin Williams + 1 dövrə 2
14 18 Ləns Stroll Williams + 2 dövrə 3

* Esteban Okon və Kevin Maqnussen protokollardan xaric ediliblər

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) — 1:37.392 (40-cı dövrə, 203.783 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso McLaren 1 qəza
Roman Qrojan Haas 2 qəza
Daniel Rikkardo Red Bull 8 elektronika
Şarl Lekler Sauber 31 mexaniki problemlər

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 346
2 5 Sebastyan Fettel Scuderia Ferrari 276
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 221
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 217
5 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 191
6 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 146
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 61
8 11 Serxio Peres Racing Point Force İndia 57
9 20 Kevin Maqnussen Haas F1 Team 53
10 14 Fernando Alonso McLaren F1 Team 50
11 31 Esteban Okon Racing Point Force İndia 49
12 55 Karlos Sayns Renault Sport Formula 1 Team 45
13 8 Roman Qrojan Haas F1 Team 31
14 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 28
15 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 21
16 2 Stoffel Vandorn McLaren F1 Team 8
17 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 7
18 18 Ləns Stroll Williams Martini Racing 6
19 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 4
20 35 Sergey Sirotkin Williams Martini Racing 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 563
2 Scuderia Ferrari Ferrari 497
3 Aston Martin Red Bull Racing Renault 337
4 Renault Sport Formula 1 Team Renault 106
5 Haas F1 Team Ferrari 84
6 McLaren F1 Team Renault 58
7 Racing Point Force İndia Mercedes 47
8 Red Bull Toro Rosso Honda Honda 32
9 Alfa Romeo Sauber F1 Team Ferrari 28
10 Williams Martini Racing Mercedes 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*