Bu ilin əvvəlində FİA yarış həftəsonlarının qrafikini dərc etmişdi və həmin qrafikə əsasən, Ostindəki təsnifat mərhələsi adət etdiyimiz vaxtda başlamalı idi. Lakin iyun ayında Liberty Media qərara almışdı ki, Castin Timberleykin konserti əvvələ salınsın. Berni Ekklstounun dövründə isə belə şeylər heç vaxt ola bilməzdi…
Həmilton Texasa çempionatın lideri kimi gəlib və bütün məşq sessiyalarında protokollara başçılıq edib. Onun əsas rəqibi Fettel üçün cümə günü problemsiz ötüşməyib – komanda məcbur olub ki, alman sürücünü ehtiyat şassiyə keçirsin.
Güc qurğusunun elementləri dəyişdirildiyi üçün dörd sürücünün – Brendon Hartli 25, Niko Hülkenberq 20, Maks Ferstappen 15 və Stoffel Vandornun isə 5 yer itirəcəyi məlum idi.
Pirelli Ostinə yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Sürücülər məşqlərdə ən yumşaq tərkibə daha çox üstünlük veriblər.
İlk sessiyada Mercedes və Ferrari sürücüləri SuperSoft, qalan sürücülər isə UltraSoft təkərlərlə birinci cəhdlərinə çıxıblar. Boksu ilk tərk edən sürücü Kvyat olub. Külək güclənib və trasda sıxlıq olduğundan, yaxşı nəticə göstərmək üçün müəyyən boşluq tapmaq çox vacib olub. Strolla toqquşan Qrojan trasdan çıxıb. Maqnussen sürətli dövrəsində olan Peresə mane olub və bu hadisə stüardlar tərəfindən araşdırılır. İlk cəhddə Bottas hamıdan sürətli olub, lakin sonra Həmilton onu üstələyib – 1:34.822. Eriksson, Stroll, Hartli, Verlyayn və Maqnussen mübarizəni dayandırıblar.
İkinci sessiyaya startda yer itirəcəyi məlum olan Ferstappen SuperSoft təkərlərlə başlayıb. Cəriməsi olan Hülkenberqi isə komanda ümumiyyətlə trasa buraxmayıb və alman sürücü mövsümdə ilk dəfə sıralanma turunda komanda yoldaşına məğlub olub. Həmilton trasın yeni rekordunu müəyyən edərək protokollara başçılıq edib – 1:33.437. Üçüncü sessiyaya keçə bilməyən sürücülər Massa, Kvyat, Vandorn, Qrojan və Hülkenberq olublar.
Son sessiyada hamı UltraSoft təkərlərlə trasa yollanıb. İlk cəhddə Həmilton komanda yoldaşını yarım saniyəyə yaxın fərqlə qabaqlayıb. Son cəhdində Fettel Bottası qabaqlayıb və ikinci yerə yüksəlib. Rikkardo və Rəykkönen eyni nəticəni göstərsələr də, avstraliyalı sürücü bunu daha əvvəl etdiyi üçün protokolda Kimidən yuxarıda olub.
Lyuis Həmilton mövsümdə 11-ci, karyerasında 72-ci poulunu qazanıb. Yarışa onun yanından çempionatdakı əsas rəqibi Sebastyan Fettel başlayacaq və bizi startda maraqlı duel gözləyir. İkinci cərgədə Bottas və Rikkardo qərarlaşıblar.
Yarış sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:34.822 | 5 | 1 | 1:33.437 | 6 | 1:33.108 | 7 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 4 | 1:35.420 | 5 | 4 | 1:34.103 | 6 | 1:33.347 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:35.309 | 4 | 2 | 1:33.769 | 6 | 1:33.568 | 7 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 11 | 1:35.991 | 5 | 5 | 1:34.495 | 3 | 1:33.577 | 6 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 7 | 1:35.649 | 5 | 3 | 1:33.840 | 6 | 1:33.577 | 6 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:34.899 | 4 | 6 | 1:34.716 | 3 | 1:33.658 | 6 |
7 | 31 | Esteban Okon | Force İndia | 10 | 1:35.849 | 5 | 10 | 1:35.113 | 6 | 1:34.647 | 6 |
8 | 55 | Karlos Sayns | Renault | 5 | 1:35.517 | 8 | 8 | 1:34.899 | 6 | 1:34.852 | 3 |
9 | 14 | Fernando Alonso | McLaren | 8 | 1:35.712 | 3 | 9 | 1:35.046 | 6 | 1:35.007 | 6 |
10 | 11 | Serxio Peres | Force İndia | 14 | 1:36.358 | 7 | 7 | 1:34.789 | 6 | 1:35.148 | 6 |
11 | 19 | Felipe Massa | Williams | 6 | 1:35.603 | 3 | 11 | 1:35.155 | 6 | ||
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 12 | 1:36.073 | 9 | 12 | 1:35.529 | 6 | ||
13 | 2 | Stoffel Vandorn | McLaren | 13 | 1:36.286 | 8 | 13 | 1:35.641 | 6 | ||
14 | 8 | Roman Qrojan | Haas | 15 | 1:36.835 | 8 | 14 | 1:35.870 | 6 | ||
15 | 27 | Niko Hülkenberq | Renault | 9 | 1:35.740 | 3 | 15 | – | 0 | ||
16 | 9 | Markus Eriksson | Sauber | 16 | 1:36.842 | 9 | |||||
17 | 18 | Ləns Stroll | Williams | 17 | 1:36.868 | 8 | |||||
18 | 39 | Brendon Hartli | Toro Rosso | 18 | 1:36.889 | 7 | |||||
19 | 94 | Paskal Verlyayn | Sauber | 19 | 1:37.179 | 9 | |||||
20 | 20 | Kevin Maqnussen | Haas | 20 | 1:37.394 | 7 |