F-1.az xatırladır ki, Lando Norris yarışa 3-cü yerdən başlasa da, startda Həmiltonla təmas etmiş və ön qanadını zədələmişdi. Buna görə də yarışın birinci dövrəsində ön qanadını dəyişməyə gəlmiş və axırıncə yerə düşmüşdü. Norris yekunda 17-ci yerlə kifayətlənmişdi.
Oskar isə 9-cu yerdə başladığı yarışı 13-cü yerdə bitirərək, “narıncılar”ı məyus etmişdi.
Andrea Stella: “Məncə Barselona bizə göstərdi ki, yarışda və sıralanma turunda bolid tamamilə fərqli davranır. Aerodinamika cəhətdən inkişaf etməliyik. Ancaq yarış ərzində də təkərləri yaxşı işlətməyi öyrənməliyik.
Bu onsuz da bilinirdi, ancaq Barselonada sıralanma turunda güclü olmaq və rəqiblərimizin təkəri qızdırmaqla bağlı problem yaşadığı yerdə problem yaşamamaq yaxşı haldır. Yarışda isə tempimiz zəif idi. Mercedes kimi komandalar təkər yeyilməsində daha yaxşı idilər.
Sıralanma turunda hava şəraiti çox yaxşı idi və maşınımız üçün əlverişli idi. Bundan başqa bəzi rəqiblərimiz də gözlənildiyi kimi performans göstərmədilər.
Daha isti havada yeni təkərlərdən faydalana bilmədik və tempimiz istədiyimiz kimi deyildi. Bundan başqa maşın yeni təkərləri tez qızdırdığı üçün çox tez yeyilmə yaşadıq. İsti havalarda yaxşı performans göstərmək üçün bu problemi düzəltməliyik”.