F-1.az bildirir ki, Williams, McLaren və Red Bull komandalarının keçmiş sürücüsü jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Red Bull və Mercedes brendlərinin rəsmi səfiri olan Kulthard hazırda çalışdığı Channel 4 telekanalı ilə keçən il ölkəmizdə debüt edən Avropa Qran Prisində çalışmışdı. Ondan əvvəl isə 2012-ci ildə baş tutmuş Red Bull ShowRun tədbirində ilk dəfə Bakının küçələrinə Formula1 bolidini çxıarmışdı.
Tədbirdə daha maraqlı məqam isə yayda ölkəmizdə keçiriləcək Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimovun saytımızın sualını cavablandırması oldu. Bildiyimiz kimi, çempionatın yeni sahibi Liberty Media şirkətinin icraçı direktoru Qreq Maffey bizim milli yarış barədə xoşagəlməz fikirlər söyləmişdi…
Arif Rəhimov: “Formula1-ə yeni sahib olmuş Liberty Media şirkətinin icraçı direktoru Qreq Maffeyin Azərbaycan Qran Prisi ilə əlaqədar təəccüb doğuran bəyanatı bizim üçün sürpriz oldu. Bildiyimə görə, cənab Maffey ötən il keçirilmiş Avropa Qran Prisi ərəfəsində Bakıya səfər etməmiş və burada yarışı yerində canlı izləməmişdi.
Hamıya məlumdur ki, biz ötən il Bakıda ilk dəfə keçirilmiş Formula1 yarışını yüksək səviyyədə təşkil etmişdik və yarış həqiqətən də çox uğurlu alınmışdı. Bunu bütün maraqlı tərəflər, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası, Formula1 rəhbərliyi, komandalar, pilotlar, media nümayəndələri, azarkeşlər və digər iştirakçılar öz bəyanatlarında açıq şəkildə ifadə etmişdilər.
Biz ötən il sadəcə yarışa ev sahibliyi etmədik, həm də yarışla yanaşı müxtəlif növ əyləncə tədbirlərini reallaşdırdıq. Yarış həftəsonunda dənizkənarı bulvar boyunca uzanan böyük Formula1 şəhərciyində və əyləncə mərkəzində azarkeşlər üçün festival ab-havası ərsəyə gətirmişdik.
Bir sözlə, biz ötən il, doğrudan da, möhtəşəm yarışa ev sahibliyi etmişdik. Bakıda ilk dəfə baş tutan Formula1 yarışı həm də azarkeşlərə təqdim etdiyi əyləncə imkanları baxımından Abu Dabi, Sinqapur və Monakoda keçirilən yarışlarla müqayisə olunacaq səviyyədə idi. Hətta bu gün Liberty Media rəhbərliyinin gələcək yarışlar üçün nəzərdə tutduğu standartları biz artıq ötən il reallaşdırmışdıq. Məhz buna görə də Qreq Maffeyin bəyanatı bizi təəccübləndirdi. Düşünürəm ki, bu, onun şəxsi fikridir və bütövlükdə Formula1 rəhbərliyinin mövqeyini əks etdirmir.
Həmçinin düşünürəm ki, cənab Maffeyin Formula1-in yaradıcısı olan və yarışı indiki səviyyəyə çatdıran bir şəxsi, Berni Ekklstonu müsahibədə tənqid etməsini anlamaq çox çətindir .
Biz bu il də səyimizi artıraraq yarışı daha yüksək səviyyədə keçirmək əzmindəyik. Bu baxımdan bütün maraqlı tərəflərlə sıx işləməyə çalışırıq. İnanırıq ki, bu ilin yayında keçiriləcək növbəti yarış uğurla baş tutaraq Liberty Media rəhbərliyinin təəccüb doğuran fikirlərini dəyişəcək”.