Belə başa düşdük ki, gələn il Bakıda keçiriləcək Formula1 yarışı Azərbaycan Qran Prisi statusu ala bilər. Bu kimin təşəbbüsüdür və niyə sizin ilk yarış Avropa Qran Prisi statusu almışdı?
Arif Rəhimov: Bizdən daim soruşurdular ki, yarış niyə Avropa Qran Prisi adlanırdı? Biz öz ölkəmizi Avropanın bir hissəsi kimi təqdim etmək istəyirdik, bütün dünyaya bizim Avropa mənəviyyatımızı göstərmək istəyirdik – yəni xarici qonaqların sadəcə ölkəmizə gəlməsi və öyrəşməsi yetərlidir.
Həm də bizim yarış ölkəmizdə baş tutan digər iri tədbirlərin – Avroviziya və Avropa Oyunlarının təbii davamı idi, çünki biz artıq bu yolu tutmuşduq. Amma indi biz yarışımızı Azərbaycan Qran Prisi adlandırmaq istəyirik. İlk Bakı yarışından sonra hamı başa düşdü ki, ölkədə Avropa mentaliteti hökm sürür, amma gələcəkdə ölkənin Azərbaycan adına diqqət cəlb etmək istəyirik və bizim Qran Priyə gələnlər dəqiq biləcəklər ki, hansı ölkəyə gəlirlər!
Adın dəyişməsi rəsmən nə zaman elan olunacaq?
Arif Rəhimov: Hələlik hər şey danışıqlar mərhələsindədir – bu məsələ elə də asan deyil. Yarışın adı dəyişdiriləndə FİA tərəfindən yeni yarış kimi qəbul olunur. Ona görə də müəyyən çətinliklər var, biz çempionatın təşkilatçıları ilə danışıqlar aparırıq və mən ümid edirəm ki, dekabr ayının əvvəllərində 2017-ci ilin təqvimi elan olunanda, bizim məsələ də rəsmən həll olunacaq.
Avropa mətbuatı hələ də Bakıda yarışın yüksək səviyyədə keçməsini xatırlayır və mütəxəssislər öncədən xəbər verirlər ki, növbəti yarışa maraq daha çox olacaq. Siz bu maraq artımını hiss edirsiniz?
Arif Rəhimov: Bəli, yarışdan sonra biz çoxlu müsbət rəylər aldıq, bu, çox xoşdur, çünki çox çalışmışdıq, əziyyət çəkmişdik. İkinci yarışa hazırlıq zamanı artıq təcrübəmiz çoxdur, artıq tamaşaçıların nə istədiyini və bizim nə verə biləcəyimizi daha yaxşı başa düşürük. Ona görə də ildən ilə yarışı daha yaxşı keçirməyə, onu ideal səviyyəyə çatdırmağa çalışacayıq.
Bakıya, Azərbaycana xaricdən maraq artımı hiss olunurmu? Əlbəttə, özü də aşkarcasına. Hökumətimiz bir neçə dəfə qeyd etdi ki, 2016-cı ilin ilk altı ayı ərzində turizm sektorunda mənfəət 20 dəfə artıb. İndi dünyada daha çox insan Azərbaycanı tanıyır, Bakının necə şəhər olduğunu bilir. Formula1-in böyük auditoriyasını nəzərə alsaq, biz bütün bunları dünyaya göstərə bildik.
Tamaşaçıları, mətbuatı, azarkeşləri gələn il hansı yeniliklər gözləyir? Çox güman ki, ilk yarışdan sonra apardığınız təhlillər nəticəsində üzə çıxan çatışmazlıqları aradan qaldırmaqla daha yaxşı Qran Pri keçirmək istəyirsiniz?
Arif Rəhimov: Əlbəttə, kiçik çatışmazlıqlar var idi və onların çoxunu elə həftəsonunun gedişində operativ şəkildə aradan qaldıra bilmişdik. Həmin günlərdə işçilərimizin sayı 10 min nəfərə çatmışdı və müxtəlif biliyə, təcrübəyə malik olan könüllülərdən başlayaraq rəhbərlərə qədər olan böyük işçi heyətini idarə etmək çox çətin idi. Düzdür, biz xırda çatışmazlıqların böyük siyahısını tərtib etmişik və indi bunları aradan qaldırmaqla məşğuluq.
Böyük bir dəyişiklik olmayacaq, amma çalışacayıq ki, hər şey daha şən olsun. Trasın konfiqurasiyası tam olduğu kimi qalacaq. Əlavə edim ki, biz tamaşaçıların daha çox olmasını gözləyirik. Viza rejiminin çox sadələşdirilməsi də bizə kömək edəcək. Ölkədə yeni otellərin tikintisi başa çatmaq üzrədir, ona görə də hər şey gələn il tribunaların daha çox dolmasına, biletlərin daha çox satılmasına və ölkəyə xarici tamaşaçıların daha çox gəlməsinə doğru gedir.
Bakıda tribunların tutumu Formula1 yarışı keçirilən digər avtodromlarla müqayisədə elə də çox deyil – gələn il tribunaların tutumunu artırmağı düşünürsünüzmü?
Arif Rəhimov: Çox güman ki, tribunların tutumunu ciddi artırmaq alınmayacaq və yeni tribunalar əlavə olunmayacaq – bunu dərhal deyə bilərəm. Çünki bizim sadəcə yerimiz yoxdur. İlk yarışda biz bacardığımızı etdik və gələn il biz ayaqüstü yerlərin sayını artırmağa çalışacayıq. Ayaqüstü yerlərin zonasını artırmaqla ümumi sayı cüzi artıracayıq, amma tribunaların sayı artmayacaq.
Digər avtodromlardan fərqli olaraq, Bakıda trasın hazırlıq texnologiyası da olduqca mürəkkəbdir: yarışdan əvvəl tarixi qəmbər daşların üzərinə müvəqqəti asfalt qatı çəkildi, sonra onu yığışdırmaq planlaşdılırdı. Sonda necə etdiniz və gələn il trası yarışa hazırlamaq çətin olmayacaq ki?
Arif Rəhimov: Sözsüz, bu il hər şey çox asan olacaq, çünki bütün əsaslı işlər artıq görülüb. Qəmbər daşlara gəlincə, bizim trasda iki belə sahə var idi: uzun – 15-ci və 16-ci döngələr arasındakı eniş və qısa – İçərişəhərin divarı yanındakı yoxuş. Qısa sahədə biz asfalt örütüyünü saxladıq, digər sahədə isə asfaltı yığışdırdıq və hər şeyi əvvəlki vəziyyətinə saldıq. Gələcəkdə də belə etməyi düşünürük, hərçənd, şəhərimizin sakinləri asfaltı saxlamağı xahiş edirdilər, çünki maşınla bizim asfalt üzərində hərəkət etmək çox rahat idi.
Keçən ilin dekabrında ilk Formula1 yarışına bilet satışının başlaması ilə bağlı çox gözəl festival keçirmişdiniz, tədbir konsert və atəşfəşanlıqla müşayiət olunurdu. Builki bilet proqramını nə zaman başlamağı planlaşdırırsınız və bununla bağlı tədbirlər proqramı planlaşdırırsınızmı?
Arif Rəhimov: Bilet satışı dekabrın sonunadək başlayacaq, dəqiq tarixi hələ deyə bilmərəm, amma tezliklə bu tarixi elan edəcəyik. Keçən il bizim festival təkcə bilet satışının başlamasına görə deyildi – bunun səbəbi bizim ilk dəfə rəsmi Formula təqviminə daxil edilməyimiz idi, çünki iki həftə əvvəl FİA 2016-cı ilin təqvimini rəsmən elan eləmişdi. Onda biz həm bilet satışının startını, həm də yarışa altı ayın qalmasını qeyd edirdik – yəni müxtəlif hadisələri cəm etmişdik.
Bu il yerli bazarda bu cür tədbirlər az olacaq, axı yerli tamaşaçılar yarışı gördülər, hər şey başa düşdülər və artıq bilirlər ki, növbəti yarışda nə olacaq. Bu, o demək deyil ki, biz heç nə etməyəcəyik, sadəcə keçənilki miqyas olmayacaq, axı biz ilk ilimizdə yarışda diqqət cəlb etməklə maraq oyatmalıydıq. Amma biz digər istiqamətlərdə çox aktiv işləyirik, tamaşaçıları maarifləndiririk, məktəb və universitetlərə gedirik, yeniyetmələrə Formula1-in nə olduğunu, necə işlədiyini və ölkəyə hansı səmərəni verdiyini anladırıq.
İlk debüt Qran Prinin və sizin bütün işinizin həqiqətən ölkədə Formula1-in populyarlığının artımına səbəb olduğunu hiss edirsinizmi?
Arif Rəhimov: Əgər ilk yarış ərəfəsini xatırlasaq, yerli tamaşaçıların gözləntiləri yalnız ehtimallara, hansısa məhdud biliklərə əsaslanırdı. Amma indi onlar Qran Prinin nə olduğunu daha yaxşı başa düşürlər, bilirlər ki, bu necə gözəl və maraqlı idi, hətta özləri yarışda olmasalar belə, dostlarından bunu eşidiblər. Ona görə də tamaşaçılar gələn ili artıq başqa cür gözləyirlər, çünki bilirlər ki, şən bir bayram olacaq. Əlbəttə, builki maraq daha yüksəkdir.
Azərbaycan Qran Prisinin maliyyə tərəfi barədə nə demək olar, onun iqtisadi effektivliyi artımını gözləmək olarmı?
Arif Rəhimov: Bu məsələni bilmək üçün ciddi və hərtərəfli öyrənilməsi lazımdır, amma bizim xəbərlərdə deyilmişdi ki, ilk yarımillikdə valyuta artımı 2 milyard dollardan çox olub. Turizm sektorundakı məlumatı da yuxarıda qeyd etdim. Əlbəttə, bütün bu artımın əsas səbəbkarı Formula1-dir demək düzgün olmazdı, amma hətta bu artımın dörddə biri bizim Qran Pri ilə bağlıdırsa, onda bu rəqəm bizim təşkilatı xərclərdən çoxdur.
Gələn il bizim xərclərimiz, əlbəttə, əhəmiyyətli dərəcədə azalacaq, çünki ciddi əsaslı vəsait qoyuluşumuz olmayacq, bütün əsas avadanlıqlar artıq alınıb, səliqə ilə yığışdırılıb və növbəti mövsümü gözləyir. Bizi sadəcə xırda əməliyyat xərcləri gözləyir.
Noyabr ayında Moscow Raceway avtodromunda baş tutacaq Russian Motorsport Forum tədbirində qonaq olacaqsınız. Çıxışınız olacaqmı, yoxsa sadəcə kolleqalarınızın nitqinə qulaq asacaqsınız?
Arif Rəhimov: Mən bu foruma natiq kimi dəvət olunmuşam, mənim çıxışım şəhər yarışlarının təşkilinin çətinliklərinə həsr olunacaq, çünki stasionar avtodromlarla fərq böyükdür. Prinsipcə, bu iki fərqli işdir və forum iştirakçılarına Formula1-in şəhər küçələrində keçirilməsi barədə eşitmək maraqlı olacaq.