F-1.az xatırladır ki, Diter Mateşiç 2006-cı ildə Red Bull komandasına əlavə olaraq, həm də Toro Rosso komandasını satın almışdı. Toro Rosso o vaxtdan bəri Red Bull üçün gənc sürücülər yetişdirən bir komanda kimi istifadə olunur.
Xatırladaq ki, Toro Rosso-dan Red Bull-a Sebastyan Fettel, Daniel Rikkardo, Daniil Kvyat və Maks Ferstappen kimi sürücülər keçib.
Amma elə sürücülər də var ki, bir neçə il Toro Rosso-da yarışdıqdan sonra karyeralarını bitirirlər. Xayme Algersuari, Sebastyen Buemi və Jan Erik Verni bu sürücülərə misal göstərmək olar.
Amma elə sürücülər də var ki, Red Bull-un gənc sürücülər akademiyasında olub, amma Formula1-də yarışa bilməyiblər. Bunlara Antonio Feliks da Coşta, Brəndon Hartli, Robert Uikens, Aleks Linn, Daniel Xunkadelya, Stafano Koletti, Mirko Bortolotti, Mixael Ammermüller və Felipe Albukerkeni misal göstərmək olar.
Red Bull sonuncu dəfə Rikkardo, Ferstappen, Kvyat və Saynsla müqaviləni uzatdığı üçün GP2-də hazırda titul uğrunda mübarizə aparan Qasli Formula1-ə gələ bilmədi.
Prost bu barədə fikirlərini bildirib: “Kvyatın müqaviləsinin uzadılmasına baxmayaraq, onun göstərdiyi performansa görə komanda ona təşəkkür edib, yola salmalı idi. Hamımız gələn il Pyer Qaslinin onu əvəz edəcəyini düşünmüşdük. Amma elə olmadı.
Gənc sürücü proqramlarında bəzi tələlər var. Xüsusən də, Red Bull-un gənc sürücü proqramı bəzi sürücüləri özü üçün saxlayır. Müqavilə olduğu üçün onlar heç nə edə bilmirlər. Amma Red Bull neçə illərdir bunu edir və hər an hər şey ola bilər.
Formula1-də cəmi 22 bolid var və doğru zamanda ortaya çıxsanız, bu, sizin xeyrinizə olur. Doğru zamanda doğru yerdə olmalısınız, amma bu asan deyil”.