F-1.az xatırladır ki, Alen Prost keçmişdə Ayrton Senna ilə amansız mübarizələr aparıb. Dördqat Dünya Çempionu ümid edir ki, Mercedes komandası sürücülərinə bir-birilə yarışmağa icazə verəcək: “Əvvəla, onu deyim ki, bu yarışda eyni bolidlər varsa, ilk dövrəni birinci yerdə bitirmək əlavə üstünlükdür.
Biz bilirik ki, Lyuis qələbə qazanmaq məcburiyyətində idi. Bu mövsümə mükəmməl başlamadığını da bilirik. Bütün bunlar onun üzərində təzyiq yaratdı.
Niko ilk döngədə sola doğru manevr etdi və əla gedirdi. Amma üçüncü döngəyə çatanda açıq-aydın görünürdü ki, problem var. Çünki sürətli deyildi.
Buna görə də Niko yerini qorumaq üçün sağ tərəfi bağladı. Amma qaydalar buna icazə verir.
Lyuis sürət fərqini gördü və onu ötmək istədi. Sürət fərqi çox idi. Nə qədər olduğunu bilmirəm, amma çox yüksək idi. Hər şey bir saniyə içində baş verdi.
Məncə, fərqli faktorları fikirləşsək, bu, yarış insidenti idi.
Sürücülərinə yarışmaq imkanı verdiyi üçün Mercedes-ə təşəkkür etmək lazımdır.
Əgər çox üstün deyillərsə, sürücülərdən birinə “sən birinci sürücüsən”, digərinə isə “sən ikinci sürücüsən” deyə bilərlər. Bu labüddür. Heç kim çempionluğu əldən vermək istəməz.
Bu mövzuya reaksiya verməmişdən əvvəl diqqətli olmaq lazımdır. Bu barədə danışmaq üçün doğru zaman olmaya bilər. Monako yarışından əvvəl və Red Bull sürətlənən bir vaxtda düzgün reaksiya vermək çətin olar. Sakit olmaq lazımdır”.