F-1.az xatırladır ki, Aprilia komandası keçən il çempionluq uğrunda mübarizə aparsa da, hazırda ortabab komandalardan biridirlər. İtaliya komandası ilk 7 yarışda 1 dəfə podium görüb və 99 xal toplaya bilib.
Düzdür, Aprilia keçən il bu vaxt da 99 xal toplamışdı, amma bunu sprint yarışları olmadan, 1 qələbə və 3 podiumla etmişdi.
Aleş Almaniyada təkər qumarı oynasa da, bu tutmayıb və uzun müddət onluqda getdiyi yarışı 16-cı yerdə bitirib.
Aleş Esparqaro: “Bunun bəxtsizliyə heç bir dəxli yoxdur. Hazırda istədiyimiz səviyyədə deyilik və Ducati başqa planetdən gəlmiş kimidir. Bilirsiniz ki, motosikletimi sevirəm. Ancaq bu motosiklet Migelin 2022-ci il motosikletindən 3-4 faiz fərqlidir.
RNF-in nəticələri ilə baza motosikleti müqayisə olunanda ciddi fərqin olmadığını görürük. Heyif ki, inkişaf yarışında geridə qaldıq. Ducati-nin bu il bu qədər güclənəcəyini gözləmirdim. Çox inkişaf ediblər. Builki və keçənilki dövrəvi nəticələrə baxın. 20 saniyəyə qədər gücləniblər. O səviyyədə deyilik”.
Qeyd edək ki, ispaniyalı sürücü İtaliyada velosiped qəzası keçirmiş və ayağı qırılmışdı. Onun Almaniyada qabırğası da qırılıb.
Aleş Esparqaro: “Ayağımda hələ də ağrılar var və bu normaldır. Amma şənbə günü belim də ağrıyırdı. Qızdırma dövrəsindən sonra tibbi mərkəzə getdim və iki kiçik qırığım olduğunu dedilər. Əslində o qədər kiçik deyildilər”.