F-1.az xatırladır ki, italiyalı sürücü keçən il GP2 seriyasında ikinci olduqdan sonra Ferrari komandasına transfer olunmuşdu. Daha sonra 23 yaşlı sürücü fevral ayında Ferrari-nin 2015-ci il bolidi olan SF15-T-ni idarə edərək ilk dəfə Formula1 həyəcanını yaşamışdı. Amma Covinatsinin növbəti dəfə bəxti gətirib və Sauber komandası Çempionlar Yarışında zədələnmiş Verlyaynın əvəzinə sonuncu GP2 seriyasının vitse çempionunu mövsümün ilk iki QP-də yarışdırıb.
Covinatsi bu dəfə isə Bəhreyn testlərində Ferrari SF70H-ın sükanı arxasına keçib və 93 dövrə ataraq, 3 qat Dünya Çempionu Lyuis Həmiltondan sonra 2-ci yeri tutub. “Şahə qalxan atlar” gənc sürücünün bu performansından çox razı qalıblar.
Antonio Covinatsi: “Bolidlə vurduğum hər dövrədən çox razıyam. Ferrari mühəndisləri və mexanikləri ilə işləmək, yarış qazanmış və çempionatın lideri olan bolidi sürmək mənim uşaqlıq xəyalım idi”.