A.Covinatsi: “Bakı yarışını qazanandan sonra F1-in qapıları üzümə açıldı”

Ferrari-nin yeni üçüncü sürücüsü Antonio Covinatsi bildirib ki, GP2-dəki güclü performansına baxmayaraq, Ferrari-nin diqqətini cəlb etməyi gözləmirmiş.

F-1.az xatırladır ki, italiyalı sürücü bu il F3 seriyasından GP2-yə keçmiş və debüt etdiyi mövsümdə 5 qələbə qazanaraq, ikinci olmuşdu. Covinatsi bu performansına baxmayaraq, Ferrari-dən təklif aldığı üçün təəccüblənib: “İtaliya yarışından sonra simulyatorda test etmək fürsətim oldu və bu test mənim üçün ümid işığı oldu. GP2-də yaxşı performans göstərib, başqa komandaların maraq dairəsinə düşə bilərdim, amma Ferrari mənim üçün sürpriz oldu. Bunu gözləmirdim. Daha sonra məni ikinci dəfə çağırdılar. Onda başa düşdüm ki, məni seçiblər”.

Covinatsinin 2017-ci il proqramı məlum olmasa da, italiyalının Fettel və Rəykkönenlə bir yerdə bütün yarışlarda iştirak etməsi gözlənilir: “Hazırda yeganə vəzifəm simulyatorda test edib, ehtiyac olanda yarışmağa hazır olmaqdır. Əlbəttə, bilirəm ki, trasa gedib, digər sürücüləri izləmək heç xoş deyil. Amma Formula1 mənim üçün yeni bir Dünyadır və bu fürsətdən maksimum istifadə edib, özümü Ferrari texniki heyətinə və hamıya ən yaxşı formada təqdim etmək istəyirəm. 2018-ci ildə isə yarışlarda iştirak edəcəyimə ümid edirəm”.

Covinatsi Əbu Dabidəki hər iki yarışdan da xal almasına baxmayaraq, çempionatda Pyer Qaslidən 8 xal az toplayaraq, ikinci olmuşdu. İtaliyalı çempionluğu əldən verdiyi üçün məyus olsa da, bunun heç nəyi dəyişdirməyəcəyini deyib: “Sözün açığı, hər sürücü qalib gəlmək istəyər. 2016-cı ildəki gözləntilərimi nəzərə alsam, yaxşı mövsüm keçirdiyimi düşünürəm. Son yarışa qədər çempionluq uğrunda mübarizə aparacağım ağlıma gəlməzdi. Mükəmməl mövsüm idi. Yeganə peşmanlığım isə Əbu Dabidəki sıralanma turunda geridə qalıb, çempionluğu itirməyim oldu. Mükəmməl mövsüm oldu. Amma keçmişə qayıtsam da, özümlə bağlı heç nəyi dəyişdirməzdim.

Bakı və Montsa yarışlarında qalib gəlməyim insanlarda xoş təəssürat yaratdı və buna görə də üzümə Formula1-in qapıları açıldı”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*