F-1.az xatırladır ki, ayyarımdan sonra yenidən sükan arxasına qayıdan altıqat Dünya Çempionu Fransa yarışını qısa müddət də olsa, birinci yerdə aparıb. Yarışın sonlarında isə Xorxe Martinlə ikinci yer uğrunda mübarizə apararkən qəza edib və yarışı xalsız bitirib. Bu isə o deməkdir ki, əfsanəvi sürücü builki yarışlarda hələ də finiş görə bilməyib.
Mark Markes: “Düzünü desəm, bu yarışa görə çox sevincliyəm. Çox işləsək də, yaxşı nəticə ala bilmədiyimizə məyusam. Yarışın bitməsinə dövrəyarım qalmış qəza etdim. Lakin o ana qədər yaxşı sürürdüm və uzun müddətdir ki, belə yaxşı sürmürdüm. Döngələrə sürüşərək girirdim və əyləcə gec basırdım. Rəqiblərimlə mübarizə aparırdım.
Buna görə sevincliyəm. Təbii ki, nəticəyə görə məyusam, amma bəlkə də podiuma bu qədər yaxın olmağımız problem idi, çünki podium uğrunda mübarizəyə hazır deyildim. Lakin nə olursa-olsun belə uduzmaq yarışı 10-cu yerdə bitirməkdən yaxşıdır. Yarışdan həzz aldım, amma inkişaf üçün gələcəkdə də çox işləməliyik”.