F-1.az xəbər verir ki, Argentinada əfsanəvi Dakar ralli marafonu başa çatıb. Sayca 40-cı olan marafonun sonuncu mərhələsində sensasiya yaşanmayıb və mərhələ sadəcə formal xarakter daşıyıb.
Motosikletçilərin yarışında Kardova ətrafındakı dairəvi mərhələnin qalibi Honda-dan Kevin Benavides olub. Yarışın lideri KTM sürücüsü Mattias Volkner səliqəli davranıb, səhvə yol verməyib və mərhələni 8-ci yerdə başa vursa da, rallinin ümumi qalibi olub. KTM-in 18 illik qalibiyyət seriyası bu dəfə də qırılmayıb. Benavides ümumi hesabda Volknerə 17 dəqiqə uduzub, daha bir KTM sürücüsü Tobi Prays rallini 3-cü yerdə başa vurub.
Kvadrosikletçilərin sonuncu mərhələsində İqnasio Kasale dözməyib – çilili idmançı böyük üstünlüklə irəlidə olduğu üçün son mərhələləri ancaq 3-cü yerdə başa vurmaqla kifayətlənirdi, amma bu dəfə nəyə qadir olduğunu sübat edib və mərhələnin qalibi olub. Onun əsas rəqibi Nikolas Kavilyasso günü 3-cü yerdə bitirib və ümumi hesabda Kasaleyə 1 saat 39 dəqiqə uduzub. Daha bir argentinalı sürücü Yeremias Qonsales Ferioli rallidə üçüncü olub.
Avtomobillərin yarışında son mərhələdə Toyota-nın sürücüsü Jinel de Vilyers qalib gəlib, Peugeot-dan Stefan Petransel ona azca uduzub. Finişdə nəticələr çox sıx olub, mərhələni 9-cu yerdə başa vuran Karlos Sayns liderə cəmi 3 dəqiqə uduzub. Ona görə də 55 yaşlı “Matador” karyerasında ikinci dəfə Dakarın qalibi olub. Toyota-dan Nasser əl Attiyah ümumi hesabda Saynsa 43 dəqiqə uduzaraq ikincilik əldə edib. Jinel de Vilyers isə Toyota ilə podiumu tamamlayıb.
Yük maşınlarının yarışında isə son mərhələdə İveco-dan Ton van Qenuqten fərqlənib. LİAZ-dan Martin Masik finişdə ikinci olub. KamAZ Master-in sürücüləri əsas liderləri Eduard Nikolayev üçün işləyiblər və qalibdən bir neçə dəqiqə sonra finiş xəttini keçiblər: Dmitriy Sotnikov finişdə 3-cü olub.
Amma ümumi hesabda Nikolayev böyük üstünlüklə qalib gəlib. MAZ-ın sürücüsü Sergey Vyazov liderə 4 saat uduzub. KamAZ Master-in daha bir sürücüsü Ayrat Mardeyev isə marafonu 3-cü yerdə tamamlayıb.