24 saatlıq Le Man Marafonu- Ferrari 58 ildən sonra yenidən qalib gəlib

2023-cü ildə 100-cü ilini qeyd edən 24 saatlqı Le Man Marafonunda Ferrari komandasının 51 nömrəli maşını - Ceyms Kolado, Antonio Covinatsi və Alessandro Pyer Qvidi - qələbəni bayram edib. Toyota ikinci, Cadillac isə üçüncü olub.

F-1.az xatırladır ki, “qırmızlar” şənbə günü ilk cərgəni zəbt edərək, 50 ildən sonra ilk dəfə poul qazanmışdılar. Onlar startda yerlərini qorusalar da, ikinci dövrədə Toyota-nın 7 nömrəli maşınını idarə edən Sebastyen Buemi Ferrari-nin 50 nömrəli maşınını sürən Nilseni geridə qoyub və liderliyə yüksəlib.

Bundan sonra trasda qəza olduğu üçün təhlükəsizlik maşını çıxıb. Təhlükəsizlik maşını rejimi bitəndən sonra Toyota-nın 8 nömrəli maşını Konvey də Ferrari-ləri geridə qoyub və ikinci yerə yüksəlib. Toyota-nın yarışın ilk saatında ilk iki yerə yüksəlməsi yaponların növbəti dəfə rahat qələbə qazanacağını düşündürsə də, elə olmayıb. Trasın quruması ilə 51 nömrəli Ferrari-dən Ceyms Koladonun tempi artıb və o, eyni anda həm komanda yoldaşı Nilseni, həm də Konveyi geridə qoyaraq, Sebastyen Buemi ilə fərqi azaldıb.

Daha sonra sərt yağışın başlaması ilə trasda qəzalar artıb. Bundan sonra yenə təhlükəsizlik maşını trasa çıxıb və rejim bitdikdən sonra Ferrari düzgün strategiya ilə ilk iki yerdə qərarlaşıb. Özü də böyük fərqlə.

İtalyanların bu üstünlüyü ilk 8 saatda davam edib. Ancaq 8 saatın sonunda Ferrari-dən Alessandro Pyer Quidi pitdən çıxdıqdan sonra önündə qəza baş verib. O qəzadan qaçmaq istərkən çınqıllığa düşüb və kranın yardımı ilə yarışa qayıdıb. Ancaq burada 4 dəqiqə itirib və 6-cı yerə geriləyib. Ancaq hadisələr bununla bitməyib. Toyota-nın 7 nömrəli maşını qəzaya qurban gedərək, mübarizəni dayandırıb. Bundan sonra təhlükəsizlik maşını yenidən trasa çıxıb.

11-ci saatda isə Ferrari-nin 50 nömrəli maşınının bəxti gətirməyib. Belə ki, Hiperkarın rasiatoruna daş girib və onlar uzun müddət boksda qalmalı olub. Pitdən çıxdıqdan sonra isə liderdən 6 dövrə geridə qalaraq, 18-ci olub.

12-ci saatda isə inamalı yarış keçirən və üçüncü yerdə olan94 nömrəli Peugeot qəza edib və onlar da geriyə düşüb.

Yarışın son 12 saatına isə Toyota-nın 8 nömrəli maşını lider girib. Onu 51 nömrəli Ferrari təqib edib. Lakin yaponlar bu üstünlüyü qoruya bilməyiblər. Alessandro Pyer Quidi rəqibi Rio Hirakavanı geridə qoyub və liderliyə yüksəlib.

Daha sonra Toyota-da sükan arxasına Brendon Hartli keçib və Ferrari ilə olna fərqi azaltsa da, kokpitdə onu əvəzləyən Rio Hirakava yenə işləri korlayıb. Yaponiyalı sürücü yarışın bitməsinə 1 saat 45 dəqiqə qalmış Toyota-sını bariyerlərə çırpıb. Bundan sonra Toyota 8 nömrəli maşının ön və arxa qanadını dəyişsə də, pit-stopdan sonra Ferrari-dən demək olar ki, 1 dövrə geriyə düşüblər.

51 nömrəli Ferrari isə Hirakavanın bu hədiyyəsini sevə-sevə qəbul edərək, yarışın son 100 dəqiqəsini ehtiyatla sürüblər və 58 ildən sonra tiffozilərə qələbə gətiriblər. Finiş xəttini 39 yaşlı Alessandro Pyer Qividi keçib.

Toyota-nın isə 5 illik hegemonluğuna son qoyulub. Lakin yaponlar problemlərə baxmayaraq, yenə də rahat formada ikinci yeri tutublar. Podiumun son pilləsində isə Cadillac qərarlaşıb.

Gecə radiatoruna daş girən və 18-ci yerə qədər geriləyən 50 nömrəli Ferrari siə finişə 5-ci yerdə çatıb.

Beləliklə, Ferrari komandası 300 min tamaşaçı önündə və Le Man yarışlarının 100-cü ilində qələbə qazanıb. Bu qələbə həm də “qırmızılar”ın 10-cu Le Man qələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*