F-1.az xəbər verir ki, gələn il də çempionat Bəhreyndə başlayacaq və Əbu Dabidə başa çatacaq. İlk yarış martın 2-də, son yarış isə dekabrın 8-də baş tutacaq.
Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar Ramazan ayı ilə əlaqədar şənbə günü keçiriləcək. Eynilə, Las Veqasdakı yarış da bazar günü yox, məhz şənbə günü baş tutacaq.
2019-cu ildən sonra ilk dəfə Çin Qran Prisi təqvimə qayıdacaq. Uçuşların sayını azaltmaq məqsədilə təqvim yaradılarkən regionlaşma işi aparılıb. Melburn və Şanxaydakı yarışların arasında Suzukadakı yarış girəcək, Bakımızdakı yarış isə ilk dəfə payızda baş tutacaq.
Növbəti mövsümün təqvimində ənənəvi avqust fasiləsi saxlanılıb. Payızda Sinqapur və Ostindəki yarışlar arasında da təxminən bir ay fasilə olacaq. Ancaq bu, ardıcıl 2 və 3 yarışlıq seriyaların sayını artırmalıdır.
Stefano Domenikali: “Dünyadakı azarkeşlərimizə 24 mərhələ təqdim edəcək 2024-cü il mövsümünün təqvimini təqdim etməkdən məmnunam. Formula 1-ə maraq durmadan artır, ona görə də biz mərhələlərlə bağlı getdikcə daha çox müraciət alırıq. Düşünürəm ki, bu təqvim ənənəvi yarışlar və maraqlı yeni yerlər arasında düzgün balans yaradır.
Təqvimin tərtib edilməsində göstərdikləri dəstəyə və səylərə görə bütün promouterlərə və tərəfdaşlara təşəkkür etmək istəyirəm. Karbon neytrallığı 2030 gündəliyimizi daha da optimallaşdırdıqca, daha davamlı təqvimə doğru hərəkətimiz gələcək illərdə də davam edəcək. 2023-cü ildə Las-Veqasın ilk yarışı da daxil olmaqla hələ çox yarışlar var, lakin azarkeşlərimiz artıq növbəti mövsümü daha maraqlı gözləyirlər”.
Muhamməd Ben Sulayem: “Formula1 təqviminin 2024-cü il üçün FIA Ümumdünya Avtoidman Şurası tərəfindən təsdiqlənmiş və nəşr edilmiş versiyası bizə məqsədimizə doğru mühüm addım atmağa imkan verəcək. Biz Formula1-i daha ekoloji cəhətdən təmiz və yarışdan yarışa gedən işçilər üçün rahat etmək istəyirik. Stefano Domenikali və komandası Formula1 üçün yeni ərazilərdə trasların təqvimə daxil edilməsi, eləcə də bu idman növünün tarixi irsinin qorunub saxlanması üçün böyük iş görüblər.
Hər bir yarış yalnız minlərlə könüllü marşal və könüllüləri birləşdirən FIA, FOM, promouterlər və ev sahiblərinin sıx əməkdaşlığı ilə baş tuta bilər. Gələcəyə doğru irəlilədikcə, prioritetlərimizin cəmiyyətin ehtiyaclarına və idmanımız, azarkeşlərimiz və ətraf mühit üçün ən yaxşısına uyğun olaraq böyüyüb inkişaf etdiyinə əmin olmalıyıq”.
2024-cü ilin təqvimi
S | Tarix | Yarış | Keçirildiyi yer |
1 | 2 mart | Bəhreyn | Sahir |
2 | 9 mart | Səudiyyə Ərəbistanı | Ciddə |
3 | 24 mart | Avstraliya | Melburn |
4 | 7 aprel | Yaponiya | Suzuka |
5 | 21 aprel | Çin | Şanxay |
6 | 5 may | Mayami | Mayami |
7 | 19 may | Emiliya Romanya | İmola |
8 | 26 may | Monako | Monako |
9 | 9 iyun | Kanada | Monreal |
10 | 23 iyun | İspaniya | Barselona |
11 | 30 iyun | Avstriya | Şpilberq |
12 | 7 iyul | Britaniya | Silverstoun |
13 | 21 iyul | Macarıstan | Budapeşt |
14 | 28 iyul | Belçika | Spa |
15 | 25 avqust | Niderland | Zandfort |
16 | 1 sentyabr | İtaliya | Montsa |
17 | 15 sentyabr | Azərbaycan | Bakı |
18 | 22 sentyabr | Sinqapur | Sinqapur |
19 | 20 oktyabr | ABŞ | Ostin |
20 | 27 oktyabr | Meksika | Mexiko |
21 | 3 noyabr | Braziliya | San Paulu |
22 | 23 noyabr | Las Veqas | Las Veqas |
23 | 1 dekabr | Qətər | Losail |
24 | 8 dekabr | Əbu Dabi | Yas Marina |