Bunun səbəbi isə motor istehsalçılarının mayın 31-dək təkliflərini formalaşdıraraq çempionatın rəhbərliyinə təhvil vermələri olub. Bundan sonra güc qurğusunun gələcək formaları daha real cizgilər almağa başlayıb.
Bütün istehsalçılar yekdil fikirdədirlər ki, müasir daxiliyanma mühərriklərinin ümumi arxitekturası dəyişməz qalmalıdır – V6 şəkilli 1.6 litr işçi həcmə malik olan turboqovuculu mühərrik. Amma bir böyük turbin əvəzinə yeni maşınlara iki daha balaca ölçülü turbinin quraşdırılması təklif olunur ki, bununla motorların gücü asanlıqla 1000 at qüvvəsini aşacaq.
Rekuperasiya sistemlərinə gəlincə, bu mövzuda müzakirələr hələ davam edir. İstehsalçılar düşünürlər ki, MGU-H generatorundan imtina etmək lazımdır – bu generator müasir güc qurğusunun ən mürəkkəb və ən bahalı elementidir. Cari motorlarının səsinin azalmasının əsas səbəbkarı da məhz bu elementdir. Amma MGU-K generatorunu (faktiki olaraq əvvəlki KERS) daha güclü etmək planlaşdırılır ki, sistem ötmələrə effektiv kömək etsin.
Bunu necə etmək olar – hələ bilinmir. Mercedes motorçuları təklif ediblər ki, ön oxun üzərində 2-ci KERS yerləşdirilsin, amma bu, maşının çəkisinin artması deməkdir, təşkilatçılar isə maşının çəkisini aşağı salmağa çalışırlar. Hazırda Formula1 maşınının minimal çəkisi 728 kq-dır – hələ bundan ağır maşın çempiontda olmayıb.
Daha bir problem isə reqlamentdə güc qurğularına müstəqilliyin verilməsidir. Red Bull komandası KERS, batareya və turbin kimi elementlərin standartlaşdırılmasını təklif edib. Bu təklifə görə komanda vahid motorun tətbiqinə çalışmaqda günahlandırılıb. Amma Helmut Marko bu ittihamlarla razılaşmayıb: “Bisi düzgün başa düşmədilər. Biz istəyirik ki, Formula1 motorunun hazırlanmasında müstəqil istehsalçılar da iştirak etsinlər. Güc qurğusu isə hər bir komandaya cəmi 25 milyon avroya başa gəlsin”.
F-1.az bildirir ki, bu məsələdə Formula1 əvvəlki kimi yol ayrıcında qalıb. FİA rəhbərliyinin, Formula1-in yeni sahiblərinin və istehsalçıların növbəti toplantısı iyulda baş tutacaq, həmin görüşdə yeni təkliflər müzakirə olunacaq. İlin sonunda isə yekun qərar qəbul olunacaq…