2018-ci il reqlamentinə dəyişikliklər

Keçənilki ciddi dəyişikliklərdən sonra bu il reqlamentdə cüzi dəyişikliklər edilib - ona görə də builki maşınların daha sürətli və daha etibarlı olması gözlənilir. F-1.az isə, ənənəyə sadiq qalaraq, keçən illə müqayisədə reqlamentdə edilmiş dəyişiklikləri nəzərinizə çatdırır...

BAŞIN MÜDAFİƏSİ SİSTEMİ

Başın əlavə müdafiə sistemi (Additional Frontal Protection – Halo) açıq kokpitli maşınlar üçün nəzərdə tutulub və Formula1-də 2018-ci il mövsümündən tətbiq edilməsi məcburidir. Halo – sürücünün ətrafında yerləşən 3 nöqtəyə bərkidilən xarici mexaniki konstruksiyadır.

Sistemin təchizatçısı FİA-nın keçirdiyi tenderdə qalib gələn istənilən şirkət ola bilər. Mövsümdən öncə sistem test edilir və FİA tərəfindən təsdiq olunur, istehsalçı sistem üzərində hər hansı bir dəyişikliyi yalnız mövsüm başa çatdıqdan sonra edə bilər.

Halo əslən Ti6Al4V markalı titan ərintisindən hazırlanır. Sistemin çəkisi 7 kq-dır, düzdür, cüzi kənarlaşmalara icazə verilir: +0.05 kq və -0.15 kq.

Çarpma testləri zamanı (krəş test) sistem 125 kilonyuton yüklənməyə strukturunu dəyişmədən tab gətirməlidir, bu zaman Halo-nun həndəsi yerdəyişməsi 17.5 mm-i keçə bilməz.

Hər bir Halo sistemi FİA tərəfindən keyfiyyət sertifikatı və ardıcıllıq nömrəsi alacaq. Qəzalardan sonra FİA hər hansı bir sistemin gələcəkdə istifadəsini qadağan edə bilər.

Liberty Media-nın təşəbbüsü ilə Halo-nun ön ayağının dibində bütün maşınlarda 360 dərəcəli videokameralar quraşdırılacaq.

 

AERODİNAMİKA

Bu sahədə reqlamentdə ciddi dəyişiklik yoxdur, amma əvvəlki mövsümlə müqayisədə mühəndislərin azadlığı bir qədər məhdudlaşdırılıb. Məsələn, tədqiqatların ən çox xərc tələb etdiyi zonalardan biri – maşının ön qanadının orta hissəsində.

Bundan başqa, arxa antiqanadın qarşısında şaquli lövhə üzərində əlavə T-şəkilli qanadların istifadəsi qadağan olunub.

Şaquli lövhənin – köpəkbalığının üzgəcini xatırladan qanadın qadağan olunması əvvəlcə təsdiq edilmişdi, amma sonra komandalar reklam məqsədləri üçün bu qanadın saxlanılması barədə razılığa gəlmişdilər. Buna görə komandaların yekdil səsverməsi lazım idi, amma son anda gözlənilmədən McLaren komandası məsələyə razılığını verməyib – ona görə də, bu il maşınlarda köpəkbalığının üzgəci olmayacaq.

 

GÜC QURĞUSU VƏ CƏRİMƏLƏR

Mövsüm 21 yarışdan ibarətdir və mövsümboyu hər bir maşın 3 daxiliyanma mühərriyindən, 3 MGU-H generatorundan, 3 turbindən, 2 enerji toplayıcısından (akkumulyator), 2 MGU-K generatorundan və 2 elektron idarəetmə blokundan cəriməsiz istifadə edə biləcək. Bu məhdudiyyətlərdən əlavə maşında edilən ilk element dəyişikliyi startda 10 yer, növbəti elementin dəyişdirilməsi isə 5 yer itirməklə cəzalandırılacaq.

Cərimələrin tətbiqi mexanizmində də dəyişiklik edilib. Əgər tətbiq olunan cərimələrə əsasən, itirilən yerlərin sayı 15-dən çoxdursa, onda sürücü son yerdən start alacaq. Əgər bir neçə sürücü belə cərimə alarsa, onda onların start mövqeyi cərimənin tətbiq olunduğu andan asılı olacaq.

 

MÜHƏRRİKDƏ YAĞIN YANDIRILMASI

Güc qurğusunun gücünü artırmaqdan ötrü mühərrik yağının yanacaq kimi istifadəsini məhdudlaşdırmaq üçün hər bir komanda əvvəlcədən FİA-ya yağın nümunəsini təqdim etməlidir.

Həftəsonu başlamamış hər bir komanda təqdim olunan nümunələrdən məhz hansından bu həftə istifadə edəcəyini bildirməlidir. Komanda bütün həftəsonu ərzində yalnız bir yağ nümunəsindən istifadə edə bilər.

Mühərrikdə yağın təzyiqi barədə məlumat yarışın istənliən anında FİA-ya bəlli olmalıdır. Yağın məsrəfinə gəlincə, 100 kilometr məsafəyə 0.6 litrdən çox olmamalıdır.

 

MAŞININ KÜTLƏSİ

Bütün həftəsonu ərzində maşının kütləsi Halo ilə birlikdə 733 kq-dan az ola bilməz. Ön və arxa təkərlərin kütlə yüklənməsi uyğun olaraq 333 kq və 393 kq-dan az ola bilməz. Yarışın gedişində sıxılmış qazlardan başqa maşına heç nə əlavə oluna bilməz.

 

TƏKƏRLƏR

Yeni mövsüm üçün Pirelli 7 növ slik hazırlayıb. Tərkiblərin yumşaqlığı bir addım irəli çəkilib, yəni bir il əvvəl istifadə olunan tərkiblər daha yumşaq hazırlanıblar. İki yeni tərkib əlavə olunub – böyük ehtimalla heç istifadə edilməyəcək ən bərk SuperHard tərkibi və daha çox mexaniki ilişmə tələb edən traslar üçün ən yumşaq HyperSoft tərkibi.

Əvvəl italyanlar ardıcıl təkər tərkiblərini sürücülərə təklif edirdilərsə, indi həftəsonu üçün tərkib seçimində qonşu olmayan tərkibləri seçmək mümkün olacaq. Məsələn, Çin Qran Prisi üçün UltraSoft, Soft və Medium tərkibləri seçilib, arada qalan SuperSoft seçilməyib.

Əlbəttə, yağışlı hava üçün ənənəvi yağış və keçid təkərləri də hər bir yarışa gətiriləcək – cari mövsümdə bu tərkiblər də yenidən hazırlanıblar.

 

START PROSEDURU

Start prosedurunun qaydaları mübahisəli insidentlərin qarşısını almaq məqsədilə daha sərt formalaşdırılıb. Qızdırma dövrəsinin sonunda start düzlüyündə maşınların düzgün dayanmaması, transponderin işləməsinə mane olan istənilən hal sürücünün cəzalandırılmasına səbəb olacaq.

 

YARIŞIN MÜDDƏTİ

Hər hansı bir səbəb üzündən yarışın dayandırılması zamanı onun maksimal müddəti start anından sonra 4 saatı keçə bilməz.

 

QRAN PRİ ÇƏRÇİVƏSİNDƏN KƏNARDA AKTİVLİK

Hər bir komandanın cari maşınla iki çəkiliş günü keçirmək ixtiyarı var, amma bu ildən çempionatın yeni sahibi Liberty Media-nın keçirdiyi küçə şoularında da cari maşınlardan istifadə etmək mümkün olacaq.

 

CÜMƏ SƏRBƏST YÜRÜŞLƏRİNDƏ İŞTİRAK HÜQUQU

Komandalar cümə sərbəst yürüşlərindən müxtəlif məqsədlər üçün istifadə edirlər, bəzi komandalar ilk məşqlərdə yerli sürücülərdən də faydalanırlar. Amma indi bunu etmək çətin olacaq, çünki F1 maşınının sükanı arxasında oturmaq istəyən sürücü Formula2-də ən azı 6 yarış keçirməli və ya son 3 ildə ən azı 25 xal toplamalıdır.

2009-cu il reqlamentinə dəyişikliklər

2010-cu il reqlamentinə dəyişikliklər

2011-ci il reqlamentinə dəyişikliklər

2012-ci il reqlamentinə dəyişikliklər

2013-cü il reqlamentinə dəyişikliklər

2014-cü il reqlamentinə dəyişikliklər

2015-ci il reqlamentinə dəyişikliklər

2016-cı il reqlamentinə dəyişikliklər

2017-ci il reqlamentinə dəyişikliklər

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*