F-1.az xəbər verir ki, testlərin ilk günü bu gün Fiorano trasında Ferrari komandasının iştirakı ilə keçirilib. Gələn il istifadə olunacaq təkərləri ilk test edən sürücü Sebastyan Fettel olub. O, bu gün komandanın 2015-ci ildə istifadə etdiyi və 2017-ci ilin reqlamentinə uyğun modifikasiya edilmiş SF15-T ilə 82 dövrə vurub.
Fioranoda ilk gündə yağış təkərlərinin test edilməsi əvvəlcədən nəzərdə tutulmuşdu. Buna görə də, Fettel sliklərlə bir neçə dövrə vurduqdan sonra boksa qayıdıb. Tras süni şəkildə sulanıb və dörd qat dünya çempionu yağış təkərləri ilə trasa qayıdıb. Asfaltın tezliklə quruması nəzərə alınıb və hər 10 dövrədən bir sulama sistemi yenidən işə salınıb.
Gün ərzində həm keçid, həm də yağış təkərlərini test edən Fettelin ən yaxşı nəticəsi 1:09.360 olub. Testlərin ikinci günündə alman sürücünü Esteban Qutyerres əvəz edəcək.
Testi yaxından izləyənlər arasında Ferrari-nin yeni texniki direktoru Mattio Binotto və baş konstruktoru Simone Resta da olub. Onlar testlərə olduqca böyük maraq göstəriblər.