TEXNİKİ REQLAMENT
Maşının qabariti, ölçüləri və çəkisi:
Keçən illə müqayisədə maşınların eni artırılıb: indi maşının maksimum eni təkərsiz 2000 mm-ə, korpusun eni isə 1600 mm-ə çatdırılıb. Maşının hündürlüyü əvvəlki kimi saxlanılıb – nəzarət müstəvisindən 950 mm, amma vacib bir əlavə edilib – indi maşının arxa oxundan sonra nəzarət müstəvisindən 800 mm yüksəkdə heç nə yerləşdirilə bilməz. Ona görə də arxa qanadın hündürlüyü 150 mm aşağı salınıb, eni isə 950 mm-ə çatdırılıb.
Ön qanadın da eni artaraq 1800 mm olub. Arxada diffuzor da böyüyüb: hündürlüyü 175 mm-ə, eni isə 1050 mm-ə çatdırılıb. İndi diffuzor əvvəl olduğu kimi arxa oxdan deyil, arxa oxdan 175 mm öndən başlayacaq.
Yanacaqsız maşının minimal çəkisi də artırılaraq 728 kq-a bərabər olub. Çəki paylanması da dəyişib: öndə 328 kq, arxada isə 387 kq. Yanacaq çənində 100 deyil, 105 kq yanacaq olacaq – havaya qarşı müqavimətin artması yanacaq sərfiyyatını artıracaq.
Güc qurğusu:
Hibrid güc qurğusunun özündə dəyişiklik yoxdur – 4 taktlı 1.6 litr işçi həcmi olan V6 turbo mühərriklərin dirsəkli valının dəqiqədə dövriyyəsi 15 mində məhdudlaşdırılıb. Mühərriyə enerjinin rekuperasiya sistemi dəstək olacaq. Bu ildən güc qurğusunun bəzi elementlərinin ölçü və çəkisinə müəyyən məhdudiyyətlər tətbiq olunacaq. MGU-K motor-generatorun çəkisi 7 kq-dan, MGU-H motor-generatorunun çəkisi isə 4 kq-dan az olmamalıdır.
Eyni zamanda, bahalı materialların və ərintilərin istifadəsinə də müəyyən məhdudiyyətlər qoyulub.
Ötürmələr qutusu:
Reqlamentin tələbi qüvvədə saxlanılıb: mövsümün ilk həftəsonuna qədər hər bir komanda FİA-nı ötürmələr qutusunun 8 ötürməsi üçün seçdiyi ötürmələr rəqəmi ilə məlumatlandırmalıdır. 2017-ci ildə bütün iştirakçıları mövsümün gedişində yalnız bir dəfə bu rəqəmləri dəyişə bilərlər. Bu zaman əvvəl seçilmiş rəqəmlər qüvvəsini itirəcəklər, amma altı yarışlıq dövrünü bitirməmiş köhnə rəqəmlərlə sazlanmış qutudan dövrünü bitirənədək istifadə etmək mümkün olacaq.
Əyləc sistemi:
Əyləc disklərinin qalınlığı 28 mm-dən 32 mm-dək artırılıb.
Təkərlər:
Təkərlər nəzərəçarpacaq dərəcədə enlənib. Ön təkərlərin eni 305 mm-dək, arxa təkərlərin eni isə 405 mm-dək böyüyüb. Disklə birlikdə dolu təkərin eni 385 mm-dən, arxa təkərin eni isə 470 mm-dən artıq ola bilməz.
Təkərin tam diametri sliklərdə 670 mm-i, yağış təkərlərində isə 680 mm-i aşa bilməz.
Təhlükəsizlik baxımından təkərlərin maşından ayrılmasının qarşısını alan ikipilləli fiksatorların konstruksiyası bəndinə əlavə maddə artırılıb: bu fiksatorlar vizual nəzarət sistemi ilə təmin olunmalıdırlar ki, təkəri maşına bərkidən mexanik fiksatorun tam və düzgün işləməsinə əmin ola bilsin.
İDMAN REQLAMENTİ
Sürücülərin dəbilqələri:
Sürücülər mövsümün startına qədər öz dəbilqələrini təqdim etməlidirlər və mövsümün gedişində yalnız bir dəfə (özü seçə bilər) dəbilqənin dizaynını dəyişə bilər, məsələn, öz ev Qran Prisində. Eyni zamanda, mövsümün gedişində komandasını dəyişən sürücü də dəbilqəsinin dizaynını dəyişə bilər.
Güc qurğuları:
Heç bir dəyişiklik yoxdur – mövsümün gedişində hər bir sürücünün ixtiyarında güc qurğusunun elementlərindən 4 ədəd olacaq. Yeni elementin istifadəsi qaydası da dəyişməz qalır – hər yeni element 5 və ya 10 yer itirməklə cəzalandırılacaq.
Amma yenilik də var: əgər hər hansı bir sürücü hər hansı bir yarışda güc qurğusunun normadan artıq bir neçə yeni elementini alırsa, onda növbəti yarışlarda da sonuncu elementdən istifadə etməlidir ki, yeni cərimə almasın. Bununla da bir yarışda bir neçə elementə görə cərimələrin birdəfəlik tətbiqi ləğv olunur və sürücülər gələcək yarışlar üçün ehtiyatda yeni elementlər saxlaya bilməyəcəklər.
Təkərlər:
Keçən il olduğu kimi, komandalar əvvəlcədən FİA-ya qarşıdakı yarışa seçdikləri tərkib dəstlərinin sayı barədə məlumat verməlidirlər: Avropa mərhələləri üçün 8 həftə, səfər yarışları üçün 14 həftə qalmışa qədər.
2017-ci ildə mövsümün ilk 5 yarışı üçün istisna edilib: çünki mövsümöncəsi testlərə qədər seçim etmək mümkün deyildi. Bu yarışlara Pirelli hər bir sürücü üçün 2 dəst bərk, 4 dəst orta və 7 dəst yumşaq tərkibli gətirəcək. Bu istisna yalnız 2017-ci ildə qüvvədə olacaq.
Təhlükəsizlik Maşını:
Yağışlı hava şəraitində start prosedurunda dəyişiklik edilib. Bu ildən Təhlükəsizlik Maşının arxasında start verildikdən sonra trasda vəziyyətin yaxşılaşması gözlənilir və yerindən adi start verilir. Bu TM trası tərk etdikdən sonra baş verəcək.
Amma əgər TM trası tərk edənə qədər yarış qırmızı bayraqlarla dayandırılarsa, onda restart yenidən TM-in arxasında veriləcək və yerindən start olmayacaq. Qaydalarla daha geniş buradan tanış ola bilərsiniz.
Autsorsinqdən istifadə:
Çempionatın təşkilatçıları 2016-cı ildə debüt etmiş Haas komandasının təcrübəsini nəzərə alıblar. Komanda Ferrari və Dallara ilə sıx əməkdaşlıq sayəsində uğur qazandığı üçün İdman Reqlamentinin 6-cı və 8-ci Əlavələrinə dəyişikliklər edilib. Dəyişikliklərdə komandanın kənar təchizatçı ilə müqavilə bağlamaq hüququ izah edilib.
Çempionat iştirakçılarının güc qurğusu ilə təmin edilməsi:
İdman reqlamentində yeni bir Əlavə peyda olub və çempionatın iştirakçısı olan hər bir komandanın güc qurğusu ilə təchiz olunmasının təfərrüatlarını əhatə edir. Məqsəd – 2015-ci ilin sonunda Red Bull və Toro Rosso komandalarının üzləşdiyi halın təkrarlanmasının qarşısını almaqdır: o zaman hər iki komanda növbəti mövsümə mühərriksiz qalmışdılar. İndi bütün müqavilələrin bağlanmasına FİA nəzarət edəcək, motor istehsalçıları hər il mayın 15-dək federasiyanı növbəti mövsümdə təchiz edəcəkləri komandalar barədə məlumatlandırmalıdırlar.
2009-cu il reqlamentinə dəyişikliklər
2010-cu il reqlamentinə dəyişikliklər
2011-ci il reqlamentinə dəyişikliklər
2012-ci il reqlamentinə dəyişikliklər
2013-cü il reqlamentinə dəyişikliklər
2014-cü il reqlamentinə dəyişikliklər