Gələn il Formula1-in təqvimində yeni ölkə peyda ola bilər – Qətər Qran Prisi, yerli avtomobil federasiyası Qətərin əmiri şeyx Təmim ibn Həməd əl-Taninin dəstəyini ala bilib.
Britaniyanın Autosport saytı yazır ki, yarış yerli avtodromda baş tutmaya bilər – bu trasda 2004-cü ildən MotoGP mərhələsi keçirilir. Formula1 yarışı üçün yeni salınmış Lusail şəhərinin küçələri seçilə bilər. Maraqlıdır ki, şəhərin tikintisi 2006-cı ildə başlayıb, amma 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış və bağlanış mərasimlər Lusaildə baş tutacaq.
FİA-nın vitse-prezidenti, Qətər Avtomobil Federasiyasının başçısı Nasser Xəlifə əl-Attiya bildirib ki, ölkə rəhbərliyi küçə yarışının keçirilməsi layihəsini dəstəkləməyə hazırdır, çünki bu layihə Lusaili dünyaya turizm mərkəzi kimi tanıdacaq. Nasser Xəlifə əl-Attiya qeyd edib ki, yarış artıq 2016-cı ildə reallaşa bilər.
F-1.az xatırladır ki, keçən ilin sonunda Berni Ekklstoun bildirmişdi ki, Qətər yarışı baş tutmaya bilər, çünki Bəhreyn Qran Prisinin təşkilatçıları bu layihəyə razılıq verməyəcəklər. Məlum olmuşdu ku, Berni vaxtılə bu regionda əlavə yarış keçirməyəcəyi barədə vəd veribmiş.
Berni Ekklstoun: “Mən bu barədə Qətər Qran Prisinin təşkilatçılarını xəbərdar etmişəm – əgər onlar Bəhreynlə razılığıa gələ bilsələr, hər şey qaydasında olacaq. Mən onları görüşdürdüm, amma danışıqlar baş tutmadı”.
Hərçənd, Bəhreynin Saxir avtodromunun icraçı direktoru şeyx Salman ibn İsa əl-Xəlifə bildirib ki, FOM-la belə bir razılaşma yoxdur, amma əmindir ki, Bəhreynin razılığı olmasa da, Berni Yaxın Şərqdə daha bir yarış təşkil edəcək. O, həmçinin, bildirib ki, belə bir yarışın keçirilməsininin əleyhinədir: “Mənim şəxsi fikrim belədir ki, biz daha bir yarışa hazır deyilik, yarışın harada keçirilməsindən asılı olmayaraq”.