2016-cı il mövsümünün yekunları

Geridə qoyduğuğumuz mövsüm 252 gün davam edib - martın 20-si başlayıb və noyabrın 27-si başa çatıb. Mərhələlərin sayına görə Formula1 tarixinin ən uzun mövsümü olub. Sürücülər 21 yarışa çıxaraq ümumən 1268 dövrə və ya 6397 km məsafə qət ediblər.

F-1.az bildirir ki, mövsüm ərzində 24 sürücü start alıb, lakin onlardan yalnız 20-si bütün yarışlarda iştirak edib. Avstraliyada qəzada zədələnən Alonso Bəhreyndəki yarışa buraxılmayıb və onu Stoffel Vandorn əvəzləyib. Rio Haryanto isə maliyyə probleminə görə mövsümün ilk hissəsində yarışa bilib. Manor komandası Belçika Qran Prisindən etibarən onun maşınını Esteban Okona həvalə edib.

Cümə günlərində ilk məşqlərdə beş gənc sürücü sükan arxasında əyləşib –  Esteban Okon (Manor-la müqavilə bağlanmamışdan əvvəl) İspaniya, Britaniya, Macarıstan və Almaniyada, Alfonso Seliş Bəhreyn, Rusiya, Avstriya, İtaliya, ABŞ və Əbu Dabidə, Şarl Lekler Britaniya, Macarıstan, Almaniya və Braziliyada, Sergey Sirotkin Rusiya və Braziliyada, Cordan Kinq isə ABŞ və Əbu Dabidə komandalarına kömək ediblər.

Bütün sürücülər ümumilikdə 24513 dövrə və ya 123 594 km məsafə qət ediblər. Lakin biz bütün testlərdə, sərbəst yürüşlərdə və sıralanma turlarında da qət edilən məsafəni hesablasaq, 384 705 km edir ki, bu da Yerdən Aya olan məsafədən çoxdur.

Niko Rosberq testlər və bütün sessiyalar da nəzərə alındıqda, ən çox məsafə qət edən sürücü olub – 3238 dövrə və ya 16 412 km. Ən azı bir yarışda start almış sürücülər arasında ən az məsafəni isə Stoffel Vandorn qət edib. Cəmi bir yarışda – Bəhreyndə sükan arxasına keçən Stoffel maşını bütün sessiyalarda cəmi 131 dövrə və ya 709 km idarə edib.

Altı sürücü yarışlara liderlik edib – Lyuis Həmilton (566 dövrə və ya 2657 km), Niko Rosberq (489 dövrə və ya 2737 km), Sebastyan Fettel (90 dövrə və ya 442 km), Daniel Rikkardo (74 dövrə və ya 330 km), Maks Ferstappen (42 dövrə və ya 200 km) və Kimi Rəykkönen (7 dövrə və ya 35 km).

Lyuis Həmilton 10 qələbə qazanıb və hamını üstələyib. Niko Rosberq 9, Daniel Rikkardo və Maks Ferstappen isə bir yarışda damalı bayrağı ilk görən sürücü olublar. Ən sürətli qələbə Rosberqə məxsusdur – alman sürücü Montsadakı yarışı 1 saat 17 dəqiqəyə tamamlayıb və orta sürəti 237.558 km/saat olub.

Doqquz sürücü podiuma yüksəlib – Lyuis Həmilton (17), Niko Rosberq (16), Daniel Rikkardo (8), Maks Fertspapen (7), Sebastyan Fettel (7), Kimi Rəykkönen (4), Serxio Peres (2), Daniil Kvyat (1) və Valtteri Bottas (1).

Yalnız üç sürücü – Lyuis Həmilton (12), Niko Rosberq (8) və Daniel Rikkardo (1) yarışa pouldan başlayıb. Doqquz sürücü isə ən sürətli dövrəyə imza atıb – Niko Rosberq (6), Daniel Rikkardo (4), Lyuis Həmilton (3), Sebastyan Fettel (3), Niko Hülkenberq (1), Fernando Alonso (1), Maks Ferstappen (1), Daniil Kvyat (1) və Kimi Rəykkönen (1).

Komandalar ümumilikdə 933 pit-stop reallaşdırıblar. Sürücülərə 4 dəfə pit yolundan keçmək, bir dəfə isə Stop&Go cəzası verilib. Hər bir yarışda orta hesabla 44.4 pit-stop edilib (hər bir sürücüyə 2.02). Ən çox pit-stop Çində, ən az isə Rusiyada edilib – müvafiq olaraq, 66 və 26.

Mövsüm ərzində 866 ötmə qeydə alınıb ki, bu da hər yarışa orta hesabla 41.2 ötmə deməkdir. Quru trasda ən çox ötmə Çində olub – 128 ötmə. Yağışlı Braziliya yarışında isə 64 ötmə qeydə alınıb. Ən az ötmələrin olduğu yarış isə Macarıstan Qran Prisi olub – 10 ötmə.

Ən çox ötmə edən sürücü Maks Ferstappen olub. Gənc sürücü rəqiblərini 78 dəfə keçib. Bir yarışda ən çox ötməni isə Lyuis Həmilton edib – britaniyalı Çində rəqiblərini 18 dəfə qabaqlayıb. İlk dövrədə ən çox yer qazanan sürücü isə Fernando Alonsodur – 41 yer.

Komandalar arasında ən çox ötməni Red Bull sürücüləri ediblər – 136 dəfə. Daniel Rikkardo 61, Maks Ferstappen 60, Daniil Kvyat isə 15 dəfə rəqiblərini üstələyib.

REKORD GÖSTƏRİCİLƏR

Niko Rosberq Formula1-in 33-cü çempionu olub. O, həm də, Mixael Şumaxer və Sebastyan Fetteldən sonra titul qazanan üçüncü alman sürücüdür. Rosberq keçirdiyi 206 yarışdan sonra titulu qazanıb. Əvvəlki rekord isə Naycel Mənsellə aid idi – 176 yarış. Niko həmçinin son 20 ildə ilk dəfə titul qazanmış ən yaşlı sürücüdür. 1996-cı ili də nəzərə alsaq, ancaq Deymon Hilldən geri qalır – britaniyalının çempion olanda 36 yaşı var idi.

Lyuis Həmilton və Sebastyan Fettel karyeralarında 2000 xal səddini keçən ilk sürücü olublar – Həmilton ümumi hesabda mütləq liderdir.

Yer Sürücü Xal
1 Lyuis Həmilton 2247
2 Sebastyan Fettel 2108
3 Fernando Alonso 1832
4 Niko Rosberq 1594.5
5 Mixael Şumaxer 1566

Censon Batton 300 yarış səddini adlayıb və bu göstəriciyə görə tarixdə üçüncü sürücüdür…

Yer Sürücü Yarış
1 Rubens Barrikello 323
2 Mixael Şumaxer 307
3 Censon Batton 305
4 Fernando Alonso 273
5 Rikardo Patreze 256

Mercedes AMG komandası 2016-cı ildə 20 000 km məsafədə lider getmək səddini aşıb və bu göstəriciyə görə ilk beşliyə daxil olub.

Yer Komanda Məsafə, km
1 Ferrari 72569
2 McLaren 50358
3 Williams 35253
4 Lotus 26852
5 Mercedes 20161

2016-cı ildə Mercedes motoru yerləşdirilmiş maşınlar məsafə qət etməkdə 400 000 km-lik səddi aşıblar. Bu sahədə lider olan Ford-a çatmağa hələ çox var…

Yer Mühərrik Məsafə, km
1 Ford 1173550
2 Ferrari 756328
3 Renault 526538
4 Mercedes 418386
5 Honda 226612

Ferrari 700 podium səddini keçib və bu sahədə liderdir.

Yer Komanda Məsafə, km
1 Ferrari 707
2 McLaren 485
3 Williams 311
4 Lotus 197
5 Red Bull 135

McLaren 800, Renaul 300, Toro Rosso isə 200-cü yarışına geridə qoyduğumuz mövsümdə çıxıb.

Yer Komanda Yarış
1 Ferrari 929
2 McLaren 801
3 Williams 682
10 Renault 321
15 Toro Rosso 206

Mercedes AMG özünə aid mövsüm ərzində ən çox podiuma yüksəlmək rekordunu yeniləyib – Niko Rosberq və Lyuis Həmilton keçən il 32 dəfə podiuma yüksəlmişdilərsə, geridə qoyduğumuz mövsümdə buna 33 dəfə nail olublar. Komanda eyni zamanda keçənilki xal rekordunu da yeniləyib – 703 xala qarşı 765 xal.

Bottas qələbə qazanmadan ən çox xal toplayan sürücülər siyahısında liderliyini davam etdirib – 441 xal.

Maks Ferstappen isə ən gənc qələbə qazanan sürücü olub – İspaniya Qran Prisində qalib gəldiyi gün Maks 18 il, 7 ay, 15 günlük idi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*