Bu il Formula1-i çoxsaylı dəyişikliklər gözləyir – çempionatda həm qüvvələr nisbəti, həm maşınların sürəti, həm də etibarlılığı dəyişməlidir. Komandalar tam yeni sistemlərlə işləməli olacaqlar: turbogücləndirici və ERS, onların tez-tez sıradan çıxması isə qaçılmazdır.
Almaniyanın Auto Motor und Sport jurnalının əməkdaşları Formula1 maşınlarının mövsümlər üzrə maraqlı stastikasını tərtib ediblər və gözlənilməz nəticələr çıxarıblar. Sirr deyil ki, son illər maşınların etibarlılığı durmadan artırdı, hətta autsayder komanda və sürücülər mövsümü problemsiz başa vura bilirdilər – 2013-cü ildə Maks Çilton, 2012-ci ildə Kimi Rəykkönen bütün yarışları baaş vura bilmişdilər.
Həqiqətən texniki problemlərin səviyyəsi son illərdə çox aşağı idi, amma çempionatın tarixində uzun müddət bu göstərici 40-50% arasında dəyişib. Son üç ilin nıəticələrinə baxaq: 2011-ci ildə 17.9%, 2012-ci ildə 19.1% və 2013-cü ildə cəmi 15.8%.
Formula1 tarixinin əvvəllərində belə maşınlar heç də tez-tez nasazlıq üzündən mübarizəni dayandırmırdılar. Texniki problemlərin “bumu” 50-ci, 60-cı illərə deyil, məhz 80-ci illərə təsadüf edir. Bu cədvəldə son 4 sətrlə tanış olun: 1985-ci il (56.4%), 1987-ci il (57.6%), 1986-cı il (57.7%) və 1984-cü il (63.4%). Məhz bu dörd il Formula1-ə “turboera” adı ilə daxil olub, yəni bu illərdə maşınlar turbomotorlardan istifadə edirdilər.
1988-ci ilin sonunda turbomotorlar qadağan olundu və komandalar sıfırdan yeni motorlar hazırlamalı oldular. Ona görə də 1989-cu ildə də vəziyyət acınacaqlı olub – yarışlarda 55.9% maşınlar müxtəlif texniki nasazlıqlar üzündən mübarizədən kənar qalmışdılar.
2014-cü ildə turbomotorlar Formula1-ə qayıdır, deməli, tamaşaçılar texniki nasazlıqlar üzündən yarışlarda peletonun çox hissəsini finişdə görməyəcəklər.
Amma eyni zamanda unutmaq olmaz ki, son zamanlar texnikanın etibarlılığının modelləşdirilməsi və qiymətləndirilməsi texnologiyaları da ciddi inkişaf ediblər, ona görə də yuxarıda qeyd etdiyimiz proqnoz özünü doğrultmaya bilər. Xatırlayırsınızsa, 2009-cu ildə qaydaların dəyişməsi zamanı texnikanın nasazlığını ciddi artırmamışdı…