Britaniyanın məşhur f1fanatic bloqu öz oxucuları arasında arxada qalmış mövsümün ən yaxşı ötməsi və ötən sürücüsü adlı sorğular keçirib. Sorğuda DRS-dən istifadə olunmamaqla reallaşan mövsümün 20 yarışında qeyd alınan 109 ötmə yer alıb.
Gözlənildiyi kimi sorğuda iştirak edən respondentlərin düz üçdə biri, yəni 33%-i arxada qalan mövsümün ən gözəl ötməsi kimi maraqlı insidentlərlə yadda qalan Braziliya Qran Prisində Kimi Rəykkönenin (Lotus) Mixael Şumaheri (Mercedes AMG) ötməsini birinci yerə layiq görüblər.
Ən maraqlısı isə odur ki, sorğu iştirakçıları ikinci ən gözəl ötmənin də məhz bu sürücülər arasındakı mübarizədən doğmasını söyləyiblər. Əlbəttə, bu dəfə söhbət Belçika Qran Prisində əfsanəvi “Qırmızı su” döngəsində finlandiyalı sürücünün yeddiqat dünya çempionunu keçməsindən gedir – 21%.
3-cü yeri isə 17% səslə Sinqapur Qran Prisində Ferrari sürücüsü Felipe Massanın Bruno Sennanı (Williams) ötməsi tutub – çox dar şəhər trasında ötmə riski etmiş braziliyalı sürücünün qəhrəmanlığı azarkeşlərin diqqətindən qaçmayıb.
Beləliklə, oxucuların fikrincə, 2012-ci ilin ən yaxşı ötməsi:
1. Kimi Rəykkönen Mixael Şumaheri, Braziliya QP – 33%
2. Kimi Rəykkönen Mixael Şumaheri, Belçika QP – 21%
3. Felipe Massa Bruno Sennanı, Sinqapur QP – 17%
4. Niko Hülkenberq Lyuis Həmilton və Roman Qrojanı, Koreya QP – 12%
5. Lyuis Həmilton Daniel Rikkardo və Jan Erik Vern, İspaniya QP – 7%
6. Fernando Alonso Mark Uebberi, Abu Dabi QP – 4%
7. Sebastyan Fettel Niko Rosberqi, Avstraliya QP – 2%
8. Sebastyan Fettel Mark Uebberi, Belçika QP – 2%
9. Kamui Kobayaşi Censon Battonu, İspaniya QP – 1%
10. Roman Qrojan Lyuis Həmiltonu, Avropa QP – 1%
Əlbəttə, yuxarıdakı cədvəldə ilk iki sətri tutan sürücünün digər nominasiyada qalib gəlməsi elə də təəccüblü olmayıb. 2012-ci ildə ikiillik fasilədən sonra dünya çempionatına Lotus komandası ilə qayıdan Kimi Rəykkönen E20-nin sükanı arxasında 1 qələbə və 7 podium qazanaraq çempionatı 3-cü yerdə başa vurdu. Sorğuda iştirak edənlərin 42%-i məhz finlandiyalı sürücünün 2012-ci ildə gözəl ötmələrlə yadda qaldığını söyləyib. Əlbəttə, cədvəldə Vitaliy Petrovun yüksək 5-ci yeri də diqqəti cəlb edir…
1. Kimi Rəykkönen – 42%
2. Fernando Alonso – 18%
3. Sebastyan Fettel – 14%
4. Lyuis Həmilton – 12%
5. Vitaliy Petrov – 4%
6. Censon Batton – 2%
7. Niko Hülkenberq – 2%
8. Serxio Peres – 2%
9. Kamui Kobayaşi – 2%
10. Felipe Massa – 1%