2009-cu il mövsümü Formula1 tarixində yeni fəslin başlanğıcıdır. On il novçalı təkər və effektiv aerodinamikanın tətbiqindən sonra Formula1 sliklərə, sadələşdirilmiş aerodinamikaya qayıdır və kinetik enerjinin yenidən istifadəsi sisteminin tətbiqinə başlayır. Dəyişikliklərin əsas məqsədi məsrəflərin azaldılması və ötmələrin asanlaşdırılmasıdır.
Aerodinamika
Reqlamentdəki dəyişikliklər nəticəsində trasla maşının aerodinamik ilişməsi mexaniki ilişmə ilə əvəz olunmalıdır, nəticədə maşının arxasındakı hava axını daha stabilləşməli və ötmələrə imkan verməlidir. Ön və arxa antiqanadların konstruksiyası və ölçüləri dəyişdirilib, əlavə bütün köməkçi elementlər qadağan olunub.
Ön antiqanad aşağı salınlıb (əvvəlki 150 mm əvəzinə 75 mm), eni isə artırılıb (1400 mm əvəzinə 1800 mm). Qanad üzərində sürücü tərəfindən idarə olunan bölüm peyda olub – altı fiksasiya səviyyəsi, sürücü 1 dövrədə bu səviyyələrdən ikisindən istifadə edə bilər. Sürücü qarşıdakı maşına yaxınlaşarkən hücum bucağını azalda bilər, əksinə asfalta yatma qüvvəsini artırmaq üçün hücum bucağı artırmaq lazım gələcək.
Arxa antiqanad əvvəlkinə nisbətən daha 150 mm hündür (motorun üstündəki havan kanalının örtüyü ilə bərabər hündürlükdə), eni isə əvvəlkinə nisbətən 250 mm az olacaq. Diffuzorun ölçüləri dəyişdirilib, uzunluğu artırılıb, daha yuxarıda yerləşdiyinə görə effektliyini də itirəcək.
Təkərlər
Yenidən sliklərə qayıtmaq aerodinamik elementlərin qadağasından sonra itirilmiş maşının trasla ilişməsini bir qədər kompensə edəcək. Sürücülər yenə də yarışda iki müxtəlif tərkibli quru təkərlərindən istifadə edə bilərlər, amma tərkiblər arasındakı fərq əvvəlki mövsümdən daha kəskin olacaq – yumşaq tərkib qısa məsafədə daha yaxşı görünsə də daha tez yeyiləcək, bərk tərkib isə əksinə, daha uzun məsafədə stabil qalacaq.
KERS
Bu ildən komandalar kinetik enerjinin yenidən istifadəsi sistemindən yararlana biləcəklər. KERS sistemi əyləcdən istifadə zamanı ayrılan enerjini toplayacaq və sürücü dövrədə bir dəfə motorun gücünü artırmaq üçün sükan üzərindəki düyməni basmaqla bu enerjidən istifadə edəcək. Söhbət 7 saniyə ərzində motorun gücünü 80 at qüvvəsi artırmaqdan gedir, amma qurğunun ağır kütləsi və onun maşının çəki paylanmasına təsir etməsi sistemin effektliyini heçə endirə bilər.
Motorlar
2005-ci ildə FİA məsrəfləri azaltmaq məqsədilə motorların istifadəsinə məhdudiyyətlər qoymağı qərara aldı. Əvvəl “1 Qran Priyə 1 motor” qaydası tətbiq olunurdu, sonra isə motorların resursunu iki yarışa qədər artırdılar. Bu ildən isə yeni qaydalar qüvvəyə minəcək – dirsəkli valın dövriyyəsi 19000-dən 18000-ə endirilib və indi komandalar mövsümün gedişində cəmi 8 motordan istifadə edə biləcəklər. Bu zaman motorlardan istifadənin ardıcıllığı və davamiyyəti vacib deyil. Cərimə yalnız doqquzuncu və sonrakı motorların istifadəsi zamanı tətbiq olunacaq…
Davamiyyət: Komanda bir motorla bir yarışı da keçirə bilər, bütün mövsümü də. Buliki təqvimdə 17 yarış və 8 motor olduğu üçün orta hesabla bir motor iki yarış məsafəsi keçməlidir. Yalnız bir motor 3 yarış məsafəsinə tab gətirməli olacaq. Amma bundan sonra cümə sərbəst yürüşləri də yarış uik-endinin tərkib hissəsi sayılacaqlar və işlədilən motorlar hesaba alınacaqlar.
Ardıcıllıq: İndi motorlardan ciddi ardıcıllıqla istifadə etmək vacib deyil. Komanda bir mərhələdə bir motordan, növbəti yarışda ikinci motordan istifadə etdikdən sonra üçüncü yarışda yenidən birinci motora qayıda bilər. Qeyd edək ki, uik-endin gedişində də motoru dəyişmək mümkündür. Yəni cümə gününü bir motorla, şənbə və bazar günlərini isə başqa motorla keçirmək olar.
Cərimələr: Komanda mövsümün gedişində cəmi 8 motordan istifadə edə bilər. Hər bir yeni motorun istifadəsi zamanı sürücü startda yer itirməklə cərimə olunacaq. Əvvəllər olduğu kimi – əvəzləmə sıralanma turuna kimi olsa, sürücü startda 10 yer itirəcək, əvəzləmə sıralanma turundan sonra olsa, sürücü start düzümünün sonuna yollanacaq.Cərimə sanksiyaları yalnız əlavə motordan istifadə olunan yarışda tətbiq ediləcək.
Motorların təmiri: Əvvəllər olduğu kimi, bütün motorlar FİA tərəfindən plomblanır, motor üzərində hər hansı bir iş isə FİA-nın texniki nümayəndələrinin nəzarəti altında keçirilir.
Testlər
Mövsüm daxilində testlər qadağan olunub, komandalar yalnız cümə sərbəst yürüşlərindən yararlana biləcəklər. Mövsümdən əvvəlki testlərin məsafəsi isə 30000 km-dən 15000 km-dək azaldılıb.
Təhlükəsizlik Maşını
TM trasa çıxan zaman pit-leyn bağlanmayacaq, istənilən anda yanacaq doldurmaq və digər xidmətləri göstərmək olar, lakin maşınların boksa qayıtmaq sürəti elektron sistemlə məhdudlaşdırılıb, bu sistem GPS peyk naviqasiyasından və vahid elektron idarəetmə sistemindən (ECU) istifadə edəcək.
TM trasa çıxdıqdan sonra hər bir sürücünün koordinatlarından asılı olaraq boksa qayıtması üçün minimum vaxt veriləcək. Əgər sürücü boksa tez qayıdarsa, o cərimə olunacaq.