Keçən həftə Türkiyə Qran Prisinin paddokunda şayiələr gəzirdi ki, Şanxayda yarışdan sonra Formula1 sürücülərindən biri Lotus Renault GP komandasının həmsahibi Erik Lyuksla dalaşıb.
422race.com saytı bu qəribə insidentin təfərrüatlarını açıqlayıb, RAİ və TF1 telekanalları da hadisəyə aydınlıq gətiriblər.
422race.com saytında Lotus Renault GP komandasının adı çəkilməyən əməkdaşı çıxış edib, o bildirib ki, Çin yarışından sonra axşam Erik Lyuks və “başqa bir şəxs” arasında insident baş verib. Amma komanda insidenti şərh etmək fikrində deyil, çünki baş verənlər şəxsi xarakter daşıyır.
Buna baxmayaraq, Şanxayın M1nt gecə klubunda baş verənlər üzə çıxıb. Şahidlərin dediklərinə görə, Lyuks kiçik dava zamanı bədən xəsarətləri alıb, zərbə endirən şəxs Formula1 sürücüsü olub və onun Adrian Sutil olması ehtimal edilir. Almaniyalı sürücü yerli orqanların araşdırmasından qaçmaq üçün Çini təcili tərk etməli olub, amma FİA hadisənin şəxsi araşdırmasını aparır, hərçənd, Force İndia sürücüsünə qarşı heç bir sanksiya tətbiq edilməyəcək.
Force İndia-nın nümayəndəsi 422race.com-a bildirib ki, insident şəxsi xarakter daşıdığından komanda baş verənlərdən bixəbərdir və heç bir şərh vermək fikrində deyil…