Dünən Sebastyan Fettel yenidən Toro Rosso STR3-üç sükanı arxasına qayıdıb, məhz bu maşınla o keçən il İtaliya Qran Prisində tarixi qələbəsini qazanmışdı. Bu dəfə Fettel Formula1 maşınından idman ləvazimatı kimi deyil, həqiqətən nəqliyyat vasitəsi kimi istifadə edib. Keçənilki uğurlarına görə Fettel Lorenso Bandini mükafatına layiq görülüb və bazar günü müküfatı ona italiyalı sürücünün keçmiş həyat yoldaşı Brizqella şəhərciyində təşkil olunmuş xüsusi mərasimdə təqdim edib…
Toro Rosso-nun bazası yerləşən Faensadan Brizqellaya qədər olan 12 km-lik adi yolu Sebastyan STR3-də qət edib, düzdür, bu dəfə onu polis korteci müşaiyət edib. Şahidlərin dediklərinə görə, polis yolda hərəkət edən maşınlardan nəzakətlə Formula1 maşınına yol verməyi xahiş edirmiş, bu bir çoxlarını təəccübləndirib. Başlanan yağış ümumi atmosferi korlamayıb, Fettelia di maşında izləyən mexaniklər ondan çox geri qalıblar, amma heç bir problem yaşanmayıb.
Brizqellada təqdimat mərasimində Bandininin ailə üzvləri və şəhər hökumətinin nümayəndələri iştirak ediblər. Bundan başqa İtaliyaya Sebastyanın anadan olduğu Heppenhaym şəhərinin meri də təşrif buyurub və sürücüyə şəxsi maşını üçün fərqləndirmə nişanı təqdim edib: HPSV1. Deyilənlərə görə, HP iki məna kəsb edə bilər: ya Heppenhaym (şəhərin adı), ya da Horsepower (at qüvvəsi) – kimin necə xoşuna gəlir…