P.Zauber mövsümün sonunda Formula1-i tərk edəcək

Peter Zauber həmişə deyirdi ki, 70 yaşını xoşbəxt təqaüdçü kimi qarşılayacaq. Düzdür, buna heç inanmaq olmurdu, amma bütün ömrünü avtoidmana […]

Peter Zauber həmişə deyirdi ki, 70 yaşını xoşbəxt təqaüdçü kimi qarşılayacaq. Düzdür, buna heç inanmaq olmurdu, amma bütün ömrünü avtoidmana həsr etmiş isveçrəli mütəxəssis verdiyi sözə sadiq qalıb. Bu ilin oktyabrında onun 69 yaşı tamam olacaq, Peter mövsümün sonunda Sauber komandasına tam rəhbərliyi Monişa Kaltenborna verəcək.

Sonuncu Malayziya Qran Prisində Serxio Peres finiş xəttini keçərək Sauber komandasına 1993-cü ildə Formula1-də debüt etdiyi gündən bəri ən yaxşı nəticəsini qazandırıb (əlbəttə, komandanın bir neçə illiyə BMW şirkətinə satıldığı dövrü nəzərə almasaq)…

Peter Zauber: “Mən həmişə deyirdim ki, 70-dən sonra komanda körpüsünə qalxan deyiləm. Mənim davamçım Monişa Kaltenborn olacaq – Monişa Sauber komandasına başçılıq edəcək. Qərar qətidir, biz sadəcə yerdəyişmənin baş vermə tarixini müəyyənləşdirməmişik.”

Bu günə qədər Monişa icraçı direktor idi, amma faktiki olaraq artıq bir neçə ildir ki, komandaya məhz o başçılıq edir. Bu təcrübə ona gələcək karyerasında da kömək edəcək…

Peter Zauber: “Monişa Formula1 tarixində ilk qadın komanda başçısı olacaq. O bizimlə 13 il çalışıb, həmişə də rəhbər vəzifələrdə olub. Əminəm ki, yeni vəzifəni də layiqincə yerinə yetirəcək.”

Zauberin özünə gəlincə, əlbəttə, milyonlarla Formula1 azarkeşləri onu ən isti xatirələrlə yadda saxlayacaqlar. Böyük büdcəsi olmayan kiçik komandasını Peter güclü yarış dünyasında idarə edib və daim uğurlar qazanıb. Məhz onun sayəsində Kimi Rəykkönen və Felipe Massa Formula1-ə gəliblər, indi isə bu siyahıya daha bir istedadlı sürücü – Serxio Peresi də əlavə etmək olar. Nəhayət, ən böhran anında, BMW şirkəti komandanı yarımçıq atıb gedərkən, məhz Zauber yenidən köməyə gəldi və layihəni xilas etdi.

Sauber komandasının Mühəndislər Kubokunda ən yaxşı nəticəsi uzaq 2001-ci ilə təsadüf edir – Nik Haydfeld və Kimi Rəykkönen komandaya dördüncülük qazandırmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*