Avtomobil alıcılarından birinin bəxti gətirib: Mercedes S500 maşınını aldığı günü o uzun müddət yadında saxlayacaq, çünki maşının açarlarını ona konsernin Formula1-də zavod komandasının sürücüsü Niko Rosberq təqdim edib. Xoşbəxt alıcı özünü itirməyib və sürücüdən maşının torpedosuna avtoqraf qoymağı xahiş edib!
Bu gün Rosberq konsernin Amaniyanın Zindelfingen şəhərində yerləşən əsas zavodunun həyətində yerləşən Mercedes-Benz Texnoloji Mərkəzinə baş çəkib. Daha sonra isə Niko müştərilərlə iş mərkəzinə yollanıb və Vürsburqdan olan alıcıya yeni maşının açarlarını təqdim edib.
Nahardan sonra Rosberq Affalterbah şəhərçiyində HWA AG müəssisəsində AMG Mercedes C-Klasse maşınını yoxlayıb, məhz bu maşının sükanı arxasında Pol di Resta keçən il DTM seriyasında titul qazanmışdı, sürücüyə yeni Mercedes-Benz SLS AMG GT3 kupesi də göstərilib.
Sonda isə sürücü Ştutqartda azarkeşlərlə görüşüb, Niko ilə birlikdə səhnəyə Mercedes Motorsport-un başçısı Norbert Hauq və Stuttgarter Zeitung qəzetinin baş redaktoru Yoahim Dorfs qalxıblar. İki saat ərzində onlar toplaşanların suallarını cavablandırıblar…