Gecə FOTA alternativ çempionatın təşkilinə başladığını elan etdikdən sonra FİA assosiasiyanın daxilindəki fraksiyanı Formula1-in gələcəyi barədə danışıqları pozmaq cəhdində günahlandırıb. Dünən gecəyarısı FOTA-nın üzvü olan səkkiz komanda Renault F1 komandasının Ənstoundakı bazasında federasiyanın irəli sürdüyü son təklifləri dörd saat müzakirə edib. Sonda komandalar qərara alıblar ki, onlar Maks Moslinin təkliflərini qəbul edə bilməzlər və təsdiq ediblər ki, alternativ yarış seriyasının təşkilinə kurs götürürlər. Bir neçə saatdan sonra federasiya bu qərardan məyus olduğu barədə bəyanat yayıb…
Bəyanatda deyilir: “FİA çox məyus olub, amma FOTA-nın idmanın marağında olan məsələdə kompromis əldə etmək bacarıqsızlığına təəccüblənməyib. Aydın məsələdir ki, FOTA daxilində ayrıayrı qruplaşmalar belə bir sonluğa danışıqları uzatmaqla və həqiqi müzakirələrdən qaçmaqla elə əvvəldən can atırdılar.
FİA çempionatı maliyyə yarışmasına çevirə bilməz, həmçinin FOTA-nın Formula1-ə öz qaydalarını yeritməyə də imkan verə bilməz.
Şərtsiz ərizələrin verilməsinin müddəti bu gün axşam başa çatır. Gələn ilin iştirakçıları siyahısı isə sabah elan olunacaq.”