Builki mövsümlərarası fasilə Formula1 komandalarının konstruktorlarına keçənilki kimi çox başağrısı gətirməyib. Amma buna baxmayaraq, reqlamentdə az da olsa dəyişikliklər var – bu dəyişikliklər isə maşınların xarici görünüşünə və yığılmasına təsir etməyə bilməz. Məhz nə dəyişəcək – çempionatın rəsmi saytı təhlil edib…
Əlbəttə, əsas faktor yanacaqdoldurmaların qadağan olunmasıdır – əgər əvvəllər yanacaq bakının tutumu 120 litr olurdusa, indi bu rəqəm 240 litrə çatacaq. Yanacaq bakını maşına yerləşdirmək üçün konstruktorlar maşının təkər bazasını (maşının uzunluğunu) təxminən 15 santimetr uzatmalı olacaqlar. Bunu etmək istəməyənlər ya kokpiti qabağa çəkməli, ya da daha kompakt ötürmələr qutusu hazırlamalı olacaqlar. Bundan əlavə yan pantonlar keçənilkinə nisbətən hündür olacaqlar – yenə də yanacaq bakını yerləşdirmək üçün.
Qabaq təkərlər daha ensiz olacaq, deməli – təkərlə maşının korpusu arasında məsafə artacaq. Bu sahənin aerodinamik əhəmiyyəti daha da artacaq.
Nəhayət, təkər qapaqlarının da qadağan olunması birbaşa pit-stopların daha qısa olması ilə əlaqədardır, axı indi yalnız təkərləri dəyişmək lazım gələcək. Keçən əsrin sonlarına yaxın mexaniklər bu işi beş saniyədən də tez edirdilər, indi isə dörd saniyəyə də edəcəklər. Belə bir vəziyyətdə kiçik ləngimə, məsələn, qapağın ilişməsi, ciddi vaxt itkisinə səbəb ola bilər.